Buzadırmanma üzrə açıq respublika çempionatı keçiriləcək

Buzadırmanma üzrə açıq respublika çempionatı keçiriləcək
# 09 fevral 2012 11:20 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası Gənclər və İdman Nazirliyi ilə birlikdə 11-12 fevral tarixlərində Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə açıq respublika çempionatı keçirəcək. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından APA-ya verilən məlumata görə, çempionata Rusiya, Türkiyə, Gürcüstan və İranın idmançıları da dəvət olunublar. 2 turdan ibarət yarışa ümumilikdə 120 idmançının qatılacağı gözlənilir.
Yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Bakıdan “A+A”, “Ekosport”, “Climb-club”, “Rock Stone”, “Meteor”, Bakı Dövlət Universitetinin “Extrem”, Memarlıq və İnşaat Universitetinin “Edelveys”, “Qərb Universiteti klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Bədən Tərbiyəsi və İdman Akademiyasının “Gənclik”, “Xəzər Universiteti klubu”, “İqtisad Universiteti klubu”, Qobustandan “Tanrıdağ”, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, İsmayıllıdan “Babadağ”, Zaqataladan “Mountain Bee”, Qaxdan “Extremal”, Yardımlıdan “Kəmərqaya” klublarının 90 nəfərə yaxın idmançısı iştirak edəcək.
11 fevral 2012-ci il tarixində keçiriləcək yarışın I mərhələsində idmançılar mürəkkəblik üzrə, 12 fevral 2012-ci il tarixində keçiriləcək II mərhələsində isə sürət üzrə özlərini sınayacaqlar.
İdmançılarımız Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına böyük əhval-ruhiyyə ilə hazırlaşırlar və ümid edirik ki, yarışda müvəffəqiyyətlə iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR