Türkiyənin Ordu şəhərində oğurlanan zinət əşyaları Gürcüstanda tapılıb

Türkiyənin Ordu şəhərində oğurlanan zinət əşyaları Gürcüstanda tapılıb
# 11 mart 2012 02:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Daxili İşlər Naziri Vano Merabişvili Türkiyənin Ordu şəhərində Gürcüstan vətəndaşları tərəfindən törədilən oğurluq hadisəsi barədə açıqlama yayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir Konstitusiya Təhlükəsizliyi Departamentinin əməkdaşlarının çevik tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açıldığını bildirib. Onun sözlərinə görə, Gürcüstanda belə hadisələrə tez reaksiya verilir. “Bizim Türkiyə, Ukrayna, Belarus, Azərbaycan və Ermənistanla əlaqələrimiz var. Biz istəyirik ki, xaricdə çalışan sadə vətəndaşlarımız üçün baryerlər yaranmasın. Biz istəmirik ki, qonşu ölkələrdə baş verən hadisələrlə bağlı Gürcüstanın adı hallansın. Buna görə də biz belə hallara tez reaksiya veririk,- ” nazir qeyd edib.

V. Merabişvili Türkiyədə baş verən zinət mağazasındakı oğurluğun Gürcüstan vətəndaşlarının törətdiklərinə inanmadıqlarını bildirib. “Hüquq müdafiəçiləri bu fakta şübhə ilə yanaşırdılar. Lakin keçirdiyimiz xüsusi cinayət axtarış tədbiri nəticəsində Tiflisdə və Kutaisidə zinət əşyalarının bir hissəsi tapılaraq götürülüb. Əməliyyat zamanı cinayət qrupunun rəhbəri Vaxtanq Purçeladze saxlanılıb və qrupun digər üzvləri də axtarılır.”
Xatırladaq ki, Türkiyənin Ordu şəhərində törədilən oğurluq hadisəsi zamanı Gürcüstan vətəndaşları zinət mağazasının altından 8 metr tunel qazıblar. Sonra 6 kiloqram qızıl oğurlanıb. Oğurluq zamanı hadisə yerində Ordu polisi digər əşyalarla birlikdə Gürcüstan markalı siqaretlər də tapıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR