Azərbaycan Asiya İnkişaf Bankı Direktorlar Şurasının növbəti illik toplantısında iştirak edəcək

Azərbaycan Asiya İnkişaf Bankı Direktorlar Şurasının növbəti illik toplantısında iştirak edəcək
# 01 may 2012 06:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 4-5-də Manilada (Filippin) Asiya İnkişaf Bankı (AİB) Direktorlar Şurasının 45-ci illik toplantısı keçiriləcək. Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, toplantıda Azərbaycanın maliyyə naziri, AİB-in Direktorlar Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

AİB-in 45-ci sözügedən toplantıda əksər üzv ölkələrdən nazirlər və yüksək vəzifəli hökumət rəsmiləri, biznes liderləri, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri olmaqla 4 mindən çox nümayəndənin iştirakı gözlənilir. İllik toplantı çərçivəsində S.Şərifovun bir sıra işgüzar görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, 1966-cı ildə yaradılan AİB-in baş qərargahı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 1999-cu ilin dekabr ayının 22-də üzv olub. Tərəflər arasında əməkdaşlığa başladığı tarixdən etibarən bu günə kimi avtomobil yollarının tikintisi, kiçik şəhərlərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, elektroenergetika, meliorasiya və selə qarşı tədbirlər sahələrini əhatə edən 7 layihə üzrə ümumi məbləği 596,9 mln. ABŞ dolları məbləğində 10 kredit saziş imzalanıb ki, artıq 3 layihənin («Selə Qarşı Tədbirlər», «Şərq-Qərb avtomobil yolunun yenidən qurulması» və «Kiçik şəhərlərdə su-kanalizasiya sistemlərinin yenidən qurulması») icrası başa çatıb, qalan 4 layihənin icrası isə davam etdirilir. Ümumiyyətlə, 2012-ci ilin yanvar ayının 1-nə AİB-in Azərbaycan üçün təsdiq olunmuş kreditlərinin ümumi məbləği 1 094,4 mln. dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR