Azərbaycan indiyədək 5,8 mlrd. dollar həcmində xarici kreditdən istifadə edib

Azərbaycan indiyədək 5,8 mlrd. dollar həcmində xarici kreditdən istifadə edib
# 09 mart 2012 14:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il müxtəlif beynəlxalq maliyyə-kredit təşkilatları, eləcə də donor ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən müxtəlif layihələri maliyyələşdirmək məqsədilə dövlət zəmanəti əsasında təqribən 1 669,9 mln. ABŞ dolları ekvivalenti məbləğində 12 kredit sazişi imzalanıb.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 750 mln. dollar (1 kredit), Dünya Bankı – 175,4 mln. dollar (4 kredit), İslam İnkişaf Bankı – 131,2 mln. dollar (2 kredit), Çexiyanın «Komercni banka» - 318,6 mln. dollar (1 kredit), ABŞ «EximBank»ı və Fransanın «BNP Paribas» bankının Nyu-York filialı – 116,6 mln. dollar (1 kredit), Fransanın «Societe Generale» bankı və «Sumitomo Mitsui Banking Corporation» - 98 mln. dollar (1 kredit), Abu-Dabi İnkişaf Fondu – 60,7 mln. dollar (1 kredit), Kənd Təsərrüfatının İnkişaf üzrə Beynəlxalq Fond (IFAD) – 19,4 mln. dollar (1 kredit) məbləğində kreditlər ayırıb: «Bu vəsaitlər əsasən ölkə iqtisadiyyatının prioritet sahələrinə – infrastrukturun bərpası və yenidən qurulması, eləcə də sosial sahələrin inkişaf etdirilməsi üzrə layihələrin həyata keçirilməsinə yönəldiləcək».

«Ümumiyyətlə, əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları ilə 2012-ci ilin yanvarın 1-nə dövlət zəmanəti əsasında ümumi məbləği 10,945 mlrd. dollar ekvivalentində kredit sazişləri imzalanıb. Bu kreditlərin 5,818 mlrd. dollarından və ya 55,4%-dən istifadə olunub. İstifadə olunmuş kreditlər üzrə dövlət zəmanəti verilmiş xarici borcun ümumi məbləği borcalan təşkilatların təqdim etdiyi məlumatlara əsasən 4,817 mlrd. dollar olub», - deyə Nazirlər Kabinetindən bildirilib.

Qeyd edək ki, xarici dövlət borcunun 3,8%-i 5-10 il müddətə, 56,4%-i 10-20 il müddətə, 39,8%-i isə 20 ildən artıq müddətlərdə kreditorlara qaytarılmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR