Azərbaycanda əksər banklar əmanətləri 12%-dən artıq şərtlə də qəbul edir - MONİTORİNQ

Azərbaycanda əksər banklar əmanətləri 12%-dən artıq şərtlə də qəbul edir - <font color=red>MONİTORİNQ</font>
# 01 avqust 2012 10:38 (UTC +04:00)
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə əsasən, illik gəlirliyi 12%-dən artıq olmaq şərti ilə qəbul edilən əmanətlər sığortalanmır. Eləcə də yatırılan əmanətin məbləğindən asılı olmayaraq Fondun ödədiyi kompensasiya 30 min manatdan artıq deyil. Bununla əlaqədar olaraq «APA-ECONOMICS» ölkənin bəzi kommersiya banklarında əmanətlərin faiz dərəcələri üzrə monitorinq keçirib. Araşdırma nəticəsində məlum olub ki, illik gəlirliyi 12%-dən artıq olan əmanətləri ölkə banklarının əksəriyyəti təklif edir. Bankların hamısında etiraf edilib ki, bu faiz dərəcələri ilə qəbul olunan əmanətlər sığortalanmır.

«Dəmirbank»ın «Göy» əmanət növündə gəlirlik 12%-dən yuxarıdır (13,5%-ə çatır). Maraqlıdır ki, bu əmanət barədə məlumatın yanında «Dəmirbank»ın Əmanətlərin Sığortalanması Fondunun üzvü olduğu xüsusi qeyd edilir, halbuki ƏSF-nin gəlirliyi 12%-dən yuxarı olan depozitləri sığortalamadığı bildirilmir.

Bankdan verilən məlumata görə, gəlirliyi 12%-dən yüksək olan əmanətlər qorunmur. Amma bu faizlə əmanət qoyanlar azdır: «Onsuz da müştərilərin əksər hissəsi vəsaitlərini 1 illiyə yatırır ki, bu da 12%-dən aşağı əmanətlərdir».

«Unibank»ın əmanətləri üzrə faiz dərəcəsi isə bəzi əmanət növləri üzrə 13,4%-ə çatır («Müddətli» əmanəti üzrə 2 illiyə dollarla əmanət yatıranda). Bankda etiraf edirlər ki, həmin faiz dərəcəsi ilə yatırılan əmanətlər qorunmur. Bankdan verilən məlumata görə, həmin əmanətlərin qorunmadığı barədə məlumat saytda göstərilməsə də, bu məlumat bankın qeyd kitabçalarında var: «Müştəriyə də əmanət açılanda ƏSF-nin tələbləri və qaydaları barədə hökmən məlumat verilir və xəbərdarlıq edilir. Hətta əvvəllər yatırılmış əmanətin şərtləri dəyişdiriləndə və yeni şərtlər qorunmayan kateqoriyaya düşəndə də bu barədə ona məlumat verilir».

«Unibank»da bildiriblər ki, artıq müştərilər də bu məsələ ilə getdikcə daha çox maraqlanırlar. Nəticədə statistikaya görə, bankdakı əmanətlərin 95-96%-i illik 12%-ə qədər gəlirliklə yatırılıb.

«Bank Nikoil»da əmanətlər üzrə faiz dərəcələri illik 12,5%-ə çatır (manatla 2 illiyə yatırılan əmanətlər üzrə), əmanətin məbləği 100 min manatdan artıq olduqda isə əmanətin illik gəlirliyi 14,6%-dək artır.

«Bank of Azərbaycan»da əmanətlər üzrə elan edilən gəlirlik 14%-ə çatır («Proqressiv Depozit» əmanət növü üzrə 50 min manatı 3 illiyə yatıranda). Fondun şərtlərinə görə, belə əmanətlər qorunmur, amma bankın saytında əmanətlərin növləri və şərtləri barədə məlumat veriləndə bu məsələ qeyd edilmir.

«Turanbank»ın bəzi əmanətləri üzrə gəlirlik illik 15,5%-ə çatır («Xurcun», «Sandıqça», «Xəzinə» və «Dəfinə» əmanətlərinin bəzi variantları üzrə).

Bankın mətbuat xidmətindən verilən məlumata görə, gəlirliyi illik 12%-dən artıq olan əmanətlər sığortalanmır. Bununla yanaşı bankda bildirirlər ki, əmanət yatırılanda müştəriyə Fondun şərtləri barədə məlumat verilir. Bundan başqa, bankın daxili qaydalarına görə, depozit yüksək faizlə yatırılırsa, bir şəxs gün ərzində 30 min manatdan artıq banka əmanət yerləşdirə bilməz.

Qeyd edək ki, illik gəlirliyi 12%-dən artıq olan əmanətləri ölkənin başqa bankları da təklif edir. Bura «Bank Standard» (əmanətin maksimum gəlirliyi illik 13%-ə çatır), «Parabank» (13,5%), «NBCbank» (14%), «Gəncəbank» (14%) və s. aiddir. Bununla yanaşı banklarda bildirirlər ki, artıq müştərilər bu məsələni nəzərə almağa başlayıblar. Ona görə də onlardan əksəriyyəti 12%-dən artıq gəlirli əmanətlərə maraq göstərmir, eləcə də 30 mindən artıq əmanət olanda onu bir yox, bir neçə banka yatırırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR