İqtisadi böhran Təbrizdə öz təsirlərini göstərməyə başlayıb

İqtisadi böhran Təbrizdə öz təsirlərini göstərməyə başlayıb
# 06 oktyabr 2012 21:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda iqtisadi böhran dərinləşir. Təbrizdəki soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində fəaliyyət göstərən “Shirin asal” (“Şirin bal”) qənnadı məmulatları fabriki iflasa uğrayıb. Nəticədə istehsal etdiyi şirniyyat məhsulları ilə İranda və xaricdə kifayət qədər tanınan, ölkənin ən iri qənnadı məmulatları müəssisələrindən biri olan fabrik oktyabrın 3-dən fəaliyyətini dayandırıb. Bu da 7 min nəfərin işsiz qalmasına səbəb olub.
Bundan əlavə, Təbrizdə taksilərdə gediş haqqı 30% bahalaşıb. Halbuki qanunlara görə, gediş haqlarının bahalaşması layihəsi ilk öncə şəhər bələdiyyəsi tərəfindən irəli sürülməli, daha sonra icra hakimiyyətləri tərəfindən təsdiq edilməlidir. Lakin bu orqanlar bahalaşmaqla bağlı heç bir qərar verməyiblər və taksi sürücüləri qiyməti süni şəkildə qaldırıblar.
Qeyd edək ki, İrana qarşı tətbiq olunmuş sanksiyalar nəticəsində ölkədə ciddi iqtisadi böhran hökm sürür. İnflyasiya yüksək həddə çatıb, qiymətlər artıb, milli valyuta devalvasiyaya uğrayıb, işsizlik çoxalıb. Artıq bir çox zavodlar ya iflas edib, ya da fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb və nəticədə yüz minlərlə insan işsiz qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR