Ötən il Azərbaycanda cəmi iki nəfərdə A qrip virusu aşkarlanıb

Ötən il Azərbaycanda cəmi iki nəfərdə A qrip virusu aşkarlanıb
# 05 aprel 2012 09:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “Orqanizmində immunitetin aşağı olması, vitamin çatışmazlığı fəsil dəyişikliyi ərəfəsində qripə oxşar xəstəliklərin yayılmasına səbəb olur. İmmuniteti aşağı olan insanlar bu xəstəlikləri daha ağır keçirirlər”.

Akademik Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun qrip laboratoriyasının müdiri Almaz Əsədova APA-ya bildirib ki, bu il Azərbaycanda qrip epidemiyası müşahidə edilməsə də, zökəm, soyuqdəymə kimi xəstəliklər qeydə alınıb: “Baxmayaraq ki qışda havalar kəskin soyuq keçdi, lakin ölkədə qrip virusu aşkarlanmadı. Biz bu ilin dekabr ayında 110, son üç ayda isə 288 nəfərdən analizlər götürərək müayinələr aparmışıq. Burun-boğaz yaxmalarının heç birində virus aşkar edilməyib. Yalnız iki nəfərdə adenovirus aşkarlanıb. Bu, qrip xəstəliyini törədən virus olsa da təhlükəli deyil, xəstəlik yüngül formada keçir. Qrip törədən əsas, A, B, C viruslarıdır, onlar da kütləvi şəkildə heç kəsdə aşkarlanmayıb”. Laboratoriya müdirinin sözlərinə görə, ötən il aparılan analizlərin nəticələrinə görə, Azərbaycanda yalnız iki nəfərdə A virusu aşkarlanıb və həmin xəstələr müalicə olunub.

A. Əsədova qrip viruslarından qorunmaq üçün əhaliyə çoxlu meyvə-tərəvəz, göyərti, sarımsaq, göy soğan yeməyi, duru xörəklərə üstünlük verməyi və tez-tez limonlu çay içməyi məsləhət görür: “Çoxlu maye içmək lazımdır. Maye bədəndə olan toksik maddələri xaric edir. Bal və doşabdan da istifadə etmək əhəmiyyətlidir. Bundan başqa insanlar özlərini soyuqdan qorumaq üçün geyimlərinə də fikir verməlidirlər. Ayaq, baş və kürək nahiyələri isti saxlanmalıdır”. A. Əsədova həkimlə məsləhətləşmədən apteklərdən dərman preparatlarının alınmasına da münasibət bildirib. O deyib ki, apteklərdən orqanizmin immunitetini artıran sirop və profilaktika məqsədləri ilə həblərin alınması mümkündür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR