Asəf Quliyev: “2013-cü ilin yazına qədər vahid namizəd məsələsinə dair müzakirə və mübahisələr dayandırılmalıdır” - MÜSAHİBƏ

Asəf Quliyev: “2013-cü ilin yazına qədər vahid namizəd məsələsinə dair müzakirə və mübahisələr dayandırılmalıdır” - <font color=red>MÜSAHİBƏ</font>
# 05 iyul 2012 15:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Asəf Quliyevin APA-ya müsahibəsi

- İctimai Palatanı monolit qurum olaraq 2013-cü ildə start veriləcək siyasi prposeslərin fəal iştirakçısı kimi görürsünüzmü?

- Açığı, bu gün İctimai Palata bu prosesə hazır deyil. Bunu etiraf etməliyik. Hazırda bu qurumda bir neçə partiya təmsil olunsa da, AXCP və Müsavat Partiyasının fəaliyyəti daha çox sezilir. Hər bir halda Azərbaycanda 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək imkanı olan ən yaxşı birlik İctimai Palatadır.

- Necə düşünürsünüz, İctimai Palatada vahid namizəd məsələsi həllini tapa biləcəkmi?

- AXCP olaraq bizim siyasi kursumuz budur ki, Azərbaycanda müxalifətdə olan siyasi qüvvələr birləşdikdən sonra vahid namizəd məsələsinin müzakirəsinə başlanılsın. İctimai Palatanın namizədi isə yalnız bu təşkilatın namizədi olacaq, vahid namizəd olmayacaq. Buna görə də fikirimiz budur ki, 2013-cü ilin yazına qədər vahid namizəd məsələsinə dair müzakirələr və mübahisələr dayandırılsın. İlk növbədə İctimai Palatanın genişləndirilməsi, digər partiyalarla əlaqələrinin inkişaf etdirilməsi məsələləri həllini tapmalıdır. Fikrimcə, vahid namizəd məsələsi ilk növbədə AXCP və Müsavat Partiyasının üst qurumunda müzakirə olunmalı və qərar qəbul edilməlidir. Sonra məsələ İctimai Palatanın müzakirəsinə çıxarılmalıdır. İndiki vəziyyətdə vahid namizəd məsələsinin ortaya atılması isə İctimai Palatanın dağılmasına gətirib çıxara bilər.

- Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının vahid namizəd məsələsindəki mövqeyini necə dəyərləndirirsiniz?


- Arif Hacılıya qədər artıq bu məsələ qaldırılmışdı. Arif Hacılı da həbsxanadan çıxdıqdan sonra bu məsələyə dair öz fikirlərini söyləyib. Məncə, Müsavat Partiyasının qəti münasibət bildirməsi hələ tezdir. Partiyanın Divanında vahid namizəd məsələsi müzakirə edilməyibsə, qurumun ikinci, üçüncü şəxsinin fikiləri qərar kimi qəbul oluna bilməz. Arif Hacılı həbsxanada qaldığı dövrdə siyasi proseslərdən kənarda olub. Məncə, bir müddət fikirləşib səbrli olmalı, siyasi prosesləri izləməli və bundan sonra qəti fikrini açıqlamalıdır.

- Siyasi qüvvələrin birliyi haqda danışdınız. Sizcə, mövcud müxalifət düşərgəsində xüsusən vahid namizəd məsələsində siyasi birliyə nail olmaq real görünürmü?

- Açığı, bunun reallaşması Azərbaycanda iki partiyanın - AXCP və Müsavatın münasibətlərinin səmimiliyindən asılıdır. Əgər doğrudan da heç bir iddia ortaya qoyulmursa, bərabərhüquqlu danışıqlara gedilirsə, buna nail olmaq mümkündür. Hər iki partiya müəyyən iddialarını kənara qoyub, İctimai Palata çərçivəsində digər siyasi qurumlarla danışığa getməlidir. Bu məsələnin məsuliyyəti AXCP ilə Müsavat Partiyasının üzərinə düşür.

- Amma partiyalar arasında gərginlik var. Bunun səbəbkarı kimdir?


- Əgər gərginlik varsa, kimsə günahkardır. Bu məsələ AXCP rəhbərliyində də müzakirə edilib. Biz Müsavat Partiyası ilə hər hansı gərginliyə getməyəcəyik. AXCP çalışacaq ki, İctimai Palatanın monolitliyi saxlanılsın, Müsavat Partiyası ilə əlaqələrin pozulmaması istiqamətində iş aparılsın. Düzdür, sosial şəbəkələrdə AXCP sədri Əli Kərimliyə qarşı müəyyən yazılar gedir. Əlbəttə, bunu edənlərin bütünlükdə Müsavat Partiyasına aid olduğunu düşünmürəm. Ola bilər ki, həmin partiyada müəyyən kiçik qrupun fikri olsun. Bütün bunlara baxmayaraq, biz Müsavat Partiyasına və bu qurumun başqanına qarşı hər hansı yazıların əleyhinəyik. AXCP-nin bununla bağlı qərarı da var. Partiyamız İctimai Palatada səmimiliyi saxlamaq niyyətindədir. İnsanlar başa düşməlidirlər ki, AXCP-ni söyməklə özlərini də söyüb, təhqir edirlər. Yəqin ki, zaman keçdikcə səhv etdiklərini anlayacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR