Tale Heydərov: “Bizim uzunmüddətli məqsədlərimiz, strategiyamız var”-MÜSAHİBƏ

Tale Heydərov: “Bizim uzunmüddətli məqsədlərimiz, strategiyamız var”-<font color=red>MÜSAHİBƏ</font>
# 31 may 2012 21:38 (UTC +04:00)
- “Qəbələ Kuboku-2012” turniri yeniyetmələrin üzə çıxarılmasına çalışır. Bu baxımdan turnirin əhəmiyyəti haqqında nə düşünürsünüz?

- Əlbəttə, klublarda bu inkişaf olmasa, biz heç bir nəticə əldə edə bilmərik. Məqsədimiz klubumuzda peşəkar oyunçuların yetişməsi, əsas komandamızda akademiyamızın yetirmələri oynasınlar. Təbii ki, uzunmüddətli hədəfdə milli komandamızın da yeni azərbaycanlı oyunçularla təmin olunması məqsədi dayanır. Bunu təmin etmək üçün istərdik ki, digər klublar da belə turnirlərdə iştirak etsin.

- Açılış mərasimindəki çıxışınızda əsas stadionun 2014-cü ildə hazır olacağını qeyd etdiniz. Həmin stadionunu tamaşaçı tutumu nə qədər olacaq?

- İndiki halda 7 min tamaşaçı tutumu olmasını planlaşdırmışıq. Amma stadion elə layihədə tikiləcək ki, biz istəyəndə tutumu artıra biləcəyik. Bu, oyunlardan asılı olacaq. Gələcəkdə mühüm əhəmiyyət kəsb edən oyunların keçirilməsi mümkündür.

- Kluba diqqətiniz və dəstəyiniz çox böyükdür. İnfrastrukturun qurulması ilə yanaşı, əsas komandaya da diqqət artıb. Amma bu mövsüm komanda avrokuboklardan kənar qaldı. Bu məqam sizi pərişan etmir?

- Bizim uzunmüddətli məqsədlərimiz, strategiyamız var. Əlbəttə, yaxşı olardı ki, avrokuboklardan kənar qalmayaq. Məqsədimiz qitə miqyaslı turnirlərə vəsiqə qazanmaq idi. Amma bu, futboldur, oyundur, bəzən qələbə qazanılır, bəzən məğlub olunur. Bizi sevindirən hal odur ki, bazamız tamamlanmaq üzrədir. Klubumuzun artıq möhkəmlənməsinə, ayaq üstə durmasına imkan verən bazası var. İnfrastrukturumuz var, meydançalarımız Azərbaycanda ən yaxşılar arasındadır. Akademiyamız, stadionumuz tikilməkdədir. Baş məşqçimiz Fatih Kavlak qarşısında gələn mövsüm çempionluq və ölkə kuboku uğrunda mübarizə aparmaq məqsədi qoyulub. Sadəcə, bizə inanmaq qalır ki, bu uğurları qazanacağıq.

- Toni Adamsın istefasından sonra baş məşqçi postuna bir neçə namizədin adı hallansa da, Fatih Kavlaka üstünlük verməyiniz gözlənilməz oldu. Növbəti mövsümün gedişində F. Kavlakın əvəzlənməsi mümkündürmü?

- Toni Adams məşhur futbolçu olub, öz oyunu ilə şöhrət qazanıb. Onu Fatih Kavlak əvəzlədi. Kuboku qazana bilməsək də, biz onun baş məşqçilik fəaliyyətindən məmnun olduq. Ona görə də Kavlakı bu vəzifədə saxlamağa qərar verdik. Növbəti mövsümün gedişində baş məşqçi dəyişikliyi edəcəyimizi düşünmürəm. Çünki mövsümün gedişində belə dəyişikliyin baş verməsi komandaya müsbət təsir göstərmir.

- Çempionatımızın səviyyəsi Sizi qane edirmi?

- Əlbəttə, çempionatın səviyyəsi daha güclü ola bilər. Digər klubların da infrastruktura, meydançaların qurulmasına daha çox fikir vermələrini arzu edirəm. Belə olanda futbol daha da baxımlı, maraqlı olar. Bu zaman futbola axın daha da çoxalar, səviyyə yüksələr, seçim imkanı çoxalar, çünki bu sadaladıqlarım bir-birilə bağlı olan amillərdir. Mənə elə gəlir ki, bəzi klublarda, bəzi yerlərdə inkişaf da gedir. Ən əsas məsələ də məhz budur, inkişaf var.

- Transfer siyasətinizdə hansı futbolçulara üstünlük vermək fikrindəsiniz? Ulduz futbolçularla maraqlanırsınız?

- Bu, baş məşqçinin işidir. Mən bu işlərə qarışmıram. Əlbəttə, istərdik ki, nəticə verən futbolçuları cəlb edək. Bu, ulduz futbolçu da ola bilər, yerli, gənc futbolçular da. Amma seçim səlahiyyətini baş məşqçimizə vermişik.

- “Qəbələ”nin bəzi oyunlarında hakimliklə bağlı problemlər yarandı. Bu baxımdan, hakimliyin səviyyəsi Sizi qane edirmi?

- Bunu yoxlamaq çətindir. Çünki bilmək olmaz bu, hakimin səhvidir, yoxsa qərəzli qərardır. Azərbaycanda bu, həmişə müzakirə mövzusu olub. Amma mənə elə gəlir ki, indi hakimlik düzəlib, daha yaxşıdır. Bəzi oyunlar olur ki, hakimlik istənilən səviyyədə olmur. Fikrimcə, biz hakimlik üzərində işləməliyik və düzgün niyyətli hakimlər yetişdirməliyik.

- Gələcəkdə böyüklərdən ibarət tanınmış komandaların iştirakı ilə bu cür turnirlər təşkil etməyi planlaşdırırsınız?

- Bəli, bu plan var. Artıq gördüyünüz kimi, meydançalarımız hazırdır. Belə turnirlər keçirmək üçün hər cür imkanımız var. Planımızda var ki, bu yaxınlarda böyüklərdən ibarət tanınmış komandaların iştirakı ilə də turnir təşkil edək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR