Səməd Seyidov: “Başqa ölkələrdə insan haqlarının pozulmasını görməyib, bunu Azərbaycanda axtaranlara imkan yaratmayacağıq”

Səməd Seyidov: “Başqa ölkələrdə insan haqlarının pozulmasını görməyib, bunu Azərbaycanda axtaranlara imkan yaratmayacağıq”
# 16 fevral 2012 10:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İnsan haqları, Monitorinq və Siyasi komitələrinin mart ayında Parisdə iclasları keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S. Seyidov deyib ki, Monitorinq Komitəsinin üzvləri iclasda Azərbaycanla bağlı hesabatla çıxış edəcəklər. Onun sözlərinə görə, hesabata dair AŞPA sessiyasında Azərbaycanla bağlı müzakirələr olacaq: “Bizim mövqeyimiz Avropa Şurası ilə əməkdaşlıq etməkdir. Ancaq Avropa Şurasında hansısa qüvvələr insan haqlarından istifadə edərək təzyiq göstərəcəksə, buna “yox” deyəcəyik”.

AŞPA məruzəçisi Kristof Ştrasserin Azərbaycana səfərinə problem yaradılması barədə deyilənlərə münasibət bildirən nümayəndə heyətinin rəhbəri Azərbaycanın açıq və demokratik ölkə olduğunu vurğulayıb: “Hər kəs ölkəyə gələ bilər. Məruzəçi kimi gələnin əlində mandatı olmalıdır. Azərbaycanda siyasi məhbus məsələsi bu gün Avropa Şurasının gündəliyindən çıxarılıb. Söhbət Avropada siyasi məhbus anlayışından gedir. Məruzəçi bu mandatla Azərbaycana gələ bilər. Bu gün Azərbaycanla Avropa Şurası arasında münasibətləri korlamaq istəyən qüvvələr var. Biz heç kəsin Azərbaycana gəlməsinin qarşısını almırıq. Başqa ölkələrdə insan haqlarının pozulmasını görməyib, bunu Azərbaycanda axtaranlara isə imkan yaratmayacağıq”.

S. Seyidov, Azərbaycan nümayəndə heyətinin AŞPA-nın qış sessiyasında Xocalı soyqırımının tanınması üçün məruzə hazırladığını qeyd edərək bildirib ki, hazırda parlament ikitərəfli əməkdaşlıq və beynəlxalq səviyyələrdə bununla bağlı iş aparır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR