Xilasedicilər mənzildə köməksiz qalmış uşağı və yaşlı qadını xilas ediblər

Xilasedicilər mənzildə köməksiz qalmış uşağı və yaşlı qadını xilas ediblər
# 26 iyun 2012 03:56 (UTC +04:00)
Bakı-APA. Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. Bu barədə APA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən FHN müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar hadisə Bakının Səbail rayonunda da baş verib. APA-nın fhn.gov.az saytına istinadən verdiyi məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə çıxan xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən qadın çarpayıdan yıxılmış vəziyyətdə aşkarlanaraq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. İlkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR