QAT İsa Qəmbərin Erməni Ümummilli Hərəkatı ilə əməkdaşlıq təşəbbüslərini pisləyən bəyanat verib

QAT İsa Qəmbərin Erməni Ümummilli Hərəkatı ilə əməkdaşlıq təşəbbüslərini pisləyən bəyanat verib
# 16 iyul 2012 15:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Müsavat Partiyasının başqanı İsa Qəmbərin Erməni Ümummilli Hərəkatı ilə əməkdaşlıq təşəbbüslərini pisləyən bəyanat verib.

QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, İsa Qəmbərin 2010-cu ilin oktyabrında Almaniyanın Potsdam şəhərində başlanan və “Potsdam prosesi” adlanan bu əməkdaşlıq oyunlarında iştirak etməsi Azərbaycan maraqlarına cavab vermir: “İşğalçı dövlətin nümayəndələri, hər hansı siyasi partiyası ilə əməkdaşlıq Azərbaycanın milli maraqlarına xəyanətdən başqa bir şey deyildir. Hesab edirik ki, İsa Qəmbər bu addımı ermənipərəst mərkəzlərin, erməni lobbisinin birbaşa təsiri altında atmışdır. Biz bu hərəkətlə bağlı təəssüfümüzü bildirir, bu əməkdaşlıqdan dərhal imtina olunmasını tələb edirik. Biz Müsavat partiyasının üzvlərini bu məsələyə obyektiv yanaşmağa, partiya maraqlarından deyil, dövlət və Qarabağ maraqlarından çıxış edərək düzgün qiymət verməyə, ədalətli mövqe tutmağa çağırırıq”.

Bəyanatla bağlı APA-ya açıqlamna verən QAT sədri Akif Nağı bildirib ki, təmsil etdiyi qurum Müsavat Partiyasının özünü liberal təşkilat kimi təqdim edərək, erməni qurumları ilə hər hansı bir çərçivədə əməkdaşlığının əleyhinədir: “2010-cu ildə Gürcüstanın Respublikaçılar Partiyası, Erməni Ümummilli Hərəkatı və Müsavat Partiyası arasında “Potsdam prosesi” adlanan təşkilatda əməkdaşlıq yaradılması prosesinə start verilib. Bu günlərdə isə həmin çərçivədə Tiflisdə də adıçəkilən partiyaların sədrləri arasında görüş olub. Keçmiş Müsavat Partiyasının üzvü olaraq, vaxtilə təmsil olunduğum partiyanın belə addımlardan çəkinəyə çağırıram”.

Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı isə deyib ki, bu kimi açıqlamalarla Müsavat Partiyasının fəaliyyətində xəyanət elementi axtarmaq düzgün deyil: “Partiya başqanı Fridrix Nauman Fondunun təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tiflisdə keçirilən 3 günlük konfransda iştirak edib. Bu konfransda Cənubi Qafqazda gedən proseslər və bu bölgənin Avropaya inteqrasiyası məsələlərinə dair müzakirələr aparılıb. İsa Qəmbər təmsi etdiyi düşərgənin mövqeyini təqdim edib. Bu xüsusi görüş kimi dəyərləndirilməməlidir. Adıçəkilən partiya rəhbərləri isə tədbirdə iştirak ediblər. Digər tərəfdən isə bu müxalifət liderlərinin təmsil etdikləri ölkələrin demokratikləşməsi haqda danışmasında belə mənfi çalar yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR