Hesablama Palatasında SECO-nun nümayəndə heyəti ilə görüş keçirilib

Hesablama Palatasında SECO-nun nümayəndə heyəti ilə görüş keçirilib
# 13 oktyabr 2012 07:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin baş qərargahının makroiqtisadi siyasət məsələləri üzrə şöbə müdiri xanım Monica Rubiolonun başçılığı ilə İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatının (SECO) nümayəndə heyətini qəbul edib.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, görüş İsveçrə hökumətinin qrantı hesabına maliyyələşdirilən və Dünya Bankının idarəçiliyi ilə həyata keçirilən Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsinin (CAPSAP) gedişi ilə bağlı məsələlərin müzakirəsinə həsr edilib.

Nümayəndə heyətinə layihə çərçivəsində palata tərəfindən həyata keçirilmiş tədbirlər, o cümlədən satınalma prosedurunun cari vəziyyəti barədə məlumat verilib. Görüşdə layihənin məqsədlərinə çatmaq üçün yüksək ixtisaslı məsləhətçilərin cəlb olunmasının ən vacib məsələ olması xüsusi vurğulanıb və bu sahədə göstərilən səylərin bundan sonra da davam etdirilməsi barədə razılığa gəlinib.

Tədbirdə CAPSAP layihəsinin gedişi ilə yanaşı, iqtisadi əlaqələrin inkişaf perspektivləri, iki qurum arasında əməkdaşlığın gələcək potensial sahələri müzakirə edilib, həmçinin ümumilikdə SECO-nun Azərbaycanla bağlı portfelinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə SECO nümayəndə heyəti də iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR