Şəmkirdə «Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər» mövzusunda konfrans keçirilib

Şəmkirdə «Aqrar-sənaye  kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər» mövzusunda konfrans keçirilib
# 22 may 2012 13:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Şəmkirdə İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə “Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov hazırda ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu bildirib və qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafı daha da sürətlənir, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artır, sahibkarlıq fəaliyyəti genişlənir.

N.Səfərov aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması istiqamətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalının beynəlxalq standartlara uyğun təşkilinin və qabaqcıl təcrübənin tətbiq olunmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb və bildirib ki, aqrar sektorda düşünülmüş strategiyanın reallaşdırılması, müasir texnika və texnologiyaların tətbiqi əsasında intensiv metodlardan geniş istifadənin stimullaşdırılması və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi bu sahənin rəqabət qabiliyyətinin artırılmasına, məhsul istehsalının genişləndirilməsinə imkan yaradır: «Hazırda ölkəmiz bir çox kənd təsərrüfatı və əsas ərzaq məhsulları ilə özünü yerli istehsal hesabına təmin edə bilir».

Öz növbəsində İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov, Sahibkarlığa Kömək Milli Fondunun nümayəndəsi Camal Məmmədov hazırda regionların investisiya potensialının artdığını bildirib, sahibkarlığın inkişafına kompleks dövlət dəstəyi tədbirlərinin həyata keçirildiyini, dövlət proqramlarının uğurla icra olunduğunu, regionlarda infrastruktur, sosial-mədəni, istehsal və emal obyektlərinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıblar. Çıxış edənlər kənd təsərrüfatı məhsullarının istehsalında rəqabət qabiliyyətliliyin artırılması, yeli məhsulların potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları barədə məlumat verib, kənd-təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasında «GSP+» proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR