Bu yay Dənizkənarı Milli Parka gələnlərin sayı azalıb

Bu yay Dənizkənarı Milli Parka gələnlərin sayı azalıb
# 29 avqust 2012 14:55 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu yay mövsümündə Dənizkənarı Milli Parka gələn insanların sayında azalma müşahidə olunub. Bunu APA-ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. O bildirib ki, bunun səbəbi Neftçilər prospekti boyu yolun təmirə dayandırılması olub: “Bulvar boyu avtomobilləri saxlamağa yer olmadığı, bulvara giriş çətinləşdiyi üçün ötən illərə nisbətən bu yay mövsümündə gələn insanların sayı azalıb. Bu il ötən illərlə müqayisədə təqribən bir neçə faiz azalma var”.

N. Məcidov onu da bildirib ki, bitmək üzrə olan yay fəslində bulvar ərazisində süni qiymət artımı ilə bağlı narazılıqlar qeydə alınmayıb: “Bulvar ərazisində heç zaman qiymət artımı olmur. Tək-tük artım ola bilər, bu da dərhal yerində araşdırılır və buna yol verən şəxs cəzalandırılır, həmin şəxs işdən azad olunur. Bileti üzərində yazılan qiymətdən baha heç kim sata bilməz. Bu yay mövsümündə heç bir qiymət artımı olmayıb”.

N.Məcidov qeyd edib ki, bulvar ərazisində qəzet köşklərinin fəaliyyətə başlaması istiqamətində danışıqlar aparılır: “Bu zamana kimi Dənizkənarı Milli Park ərazisində qəzet köşkləri fəaliyyət göstərməyib. Bulvar ətrafı, Neftçilər prospekti boyunca köşklər var, amma bunun bizə aidiyyatı yoxdur. Bulvarda köşk çoxdur, amma onlarda qəzet yox, sərinləşdirici içkilər, yeyinti məhsulları satılır. Amma hazırda bulvarda qəzet köşklərinin olması istiqamətində danışıqlar aparılır və bu gələcək üçün planlaşdırılır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR