Şəmkir rayon Polis İdarəsinin rəhbərliyi rayon ərazisində evlərə silahlı basqın edilməsi barədə yayılan məlumatlara münasibət bildirib

Şəmkir rayon Polis İdarəsinin rəhbərliyi rayon ərazisində evlərə silahlı basqın edilməsi barədə yayılan məlumatlara münasibət bildirib
# 14 iyul 2012 10:10 (UTC +04:00)
“Rayonun polis rəisi kimi sakinlərə bildirirəm ki, narahat olmasınlar, rayonda heç bir cinayətkar qrup yoxdur və hər şey nəzarət altındadır”

Bakı. Hafiz Heydərov-APA. Azərbaycan polisi Şəmkir rayonunda evlərə silahlı basqın edilməsi barədə yayılan məlumatlara münasibət bildirib. Şəmkir rayon Polis Şöbəsinin rəisi Şükür Mehdiyev APA-ya açıqlamasında bildirib ki, telekanallarda və mətbuatda yayılan bu məlumatlar reallığı əks etdirmir: “Bunlar şayiədən başqa bir şey deyil. Bir neçə gün əvvəl bir qrup sakin Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək evlərinə naməlum şəxsin basqın etməsi barədə məlumat veriblər. Dərhal həmin məlumat tərəfimizdən araşdırılıb. Bu halla qarşılaşdığını iddia edən hər bir sakin polis şöbəsində dindirilib və onların ifadəsi alınıb. Araşdırmalar zamanı məlum olub ki, bir nəfər naməlum şəxs rayonda bir neçə evə daxil olub. Həmin şəxs heç bir cinayət törətməyib. Sadəcə olaraq ev sahibi onu tutmaq istəyən zaman qaçaraq aradan çıxıb”.

Bu məlumatın telekanallarda ictimaiyyətə yanlış təqdim edildiyini qeyd edən polis rəisi hadisəni törədən şəxsin artıq müəyyənləşdiyini də qeyd edib: “Bəzi telekanallar ictimaiyyətə yalan məlumatlar ötürərək, guya Şəmkir rayonunda cinayətkar dəstənin peyda olduğunu, onların evlərə basqın etdiyini qeyd edib. Bu da rayon sakinləri arasında təlaşa səbəb olub. Sakinlərin ifadəsi əsasında polis artıq evlərə daxil olan şəxsin kimliyini müəyyənləşdirib. Məlum olub ki, bu adam ruhi xəstədir. Onun evi-eşiyi yoxdur. Biz hazırda həmin şəxsin tutulması istiqamətində tədbirləri davam etdiririk”.

Ş. Mehdiyev həmçinin məlum hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 157-ci (mənzil toxunulmazlığını pozma) maddəsi ilə cinayət işinin başlandığını və araşdırmaların davam etdirildiyi bildirib.

Polis rəisi bir daha yerli sakinlərə müraciət edərək onları şayiələrə uymamağa çağırıb: “Belə şayiələrə uymaq lazım deyil. Mən rayonun polis rəisi kimi sakinlərə bildirirəm ki, narahat olmasınlar, rayonda heç bir cinayətkar qrup yoxdur və hər şey nəzarət altındadır”.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Şəmkirdə evlərə silahlı dəstənin basqın etməsi ilə bağlı ölkə mətbuatında məlumatlar yayılır. Yerli sakinlərə istinadən yayılan həmin məlumatlarda evlərə basqın edən şəxslərin “vəhhabi”lər olduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR