Bakı İstedadlar Təhsil Kompleksinin bağça və məktəbəqədər təhsil bölməsinin açılış mərasimi keçirilib

Bakı İstedadlar Təhsil Kompleksinin bağça və məktəbəqədər təhsil bölməsinin açılış mərasimi keçirilib
# 01 noyabr 2012 11:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Bakı İstedadlar Təhsil Kompleksinin bağça və məktəbəqədər təhsil bölməsinin açılışı olub.

«APA-Economics»in məlumatına görə, şirkət rəhbərinə Bakı İstedadlar Təhsil Kompleksi haqqında ətraflı məlumat verilib və bildirilib ki, bu təhsil ocağı bütün dünyada məşhur olan ingilis məktəbləri tipində və həmin məktəblərin standartları əsasında fəaliyyət göstərəcək. Bibiheybət qəsəbəsində 7 hektar ərazidə inşa olunmuş Bakı İstedadlar Təhsil Kompleksinin bağça və məktəbəqədər təhsil bölməsində təhsil alacaq 3-5 yaşlı uşaqlar üçün rəsmxət otağı, interaktiv lövhə, musiqi, təsviri sənət nümunələri, teatr səhnəciklərinin hazırlanması üçün otaqlar, fənn kabinetləri, kitabxana, konstruksiya bürosu, emalatxana, istirahət guşəsi, üzgüçülük hovuzu, idman zalı, 200 nəfərlik zal, yeməkxana və mətbəx yaradılıb.

Bağça və məktəbəqədər, ibtidai və orta təhsil bölmələrindən ibarət 1 200 şagird üçün planlaşdırılmış Bakı İstedadlar Təhsil Kompleksində yaxın müddətdə digər bölmələr üçün 100 yerlik kitabxana, iki idman zalı, 400 metrlik qaçış zolağı, 900 nəfərlik akt zalı, konfrans otaqları, pedaqoji heyət üçün iş otaqları, elmi laboratoriyalar, daxili hovuz, futbol və basketbol meydançaları, ibtidai və orta təhsil bölmələri üzrə ayrı-ayrı yeməkxana və mətbəxlər, 120 şagirdlik yataqxana, tibb məntəqəsi, 3D planetarisi, robot texnikası və animasiya otaqlarının yaradılması planlaşdırılır.

Yüksək səviyyəli kadr hazırlığına, respublikada praktiki öyrənmə metodlarının, o cümlədən İngiltərə-Uels kurikulumunun aspektlərinin tədris olunmasına xidmət edəcək Kompleksdə təhsil alacaq şagirdlərin yaşına və inkişaf dövrünə uyğun olan mütərəqqi təlim mühitinin təmin edilməsi, zəkalı düşüncə tərzi üzrə zəruri bacarıqların inkişaf etdirilməsi, informasiya texnologiyalarından istifadə etməklə effektiv tədrisin həyata keçirilməsi nəzərdə tutulur.

Yaradılmış şəraitdən razı qaldığını söyləyən R.Abdullayev bildirib ki, Bakı İstedadlar Təhsil Kompleksi təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində yaşayan, yüksək intellektual qabiliyyətə və parlaq istedada malik uşaqların aşkara çıxarılması və onlara müasir standartlar səviyyəsində bilik və bacarıqların aşılanması üçün nəzərdə tutulmuş yeni tipli təhsil müəssisəsidir. ARDNŞ rəhbəri onu da bildirib ki, Kompleksdə imkansız ailələrdən olan uşaqlara xüsusi qayğı və diqqət göstəriləcək.

Qeyd edək ki, Kompleksin açılış mərasimində ARDNŞ rəhbərliyi, İngiltərənin «Gabbitas» təhsil məsləhətçi şirkətinin nümayəndəsi Hyu Monro, məktəbin rəhbərliyi və valideynlər iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR