Azərbaycan Türkmənistan və Türkiyə ilə zəlzələləri qabaqcadan proqnozlaşdırmaq sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Türkmənistan və Türkiyə ilə zəlzələləri qabaqcadan proqnozlaşdırmaq sahəsində əməkdaşlıq edəcək
# 05 aprel 2012 10:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Türkmənistan və Türkiyə ilə zəlzələləri qabaqcadan proqnozlaşdırmaq sahəsində əməkdaşlıq edəcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib. O qeyd edib ki, Türkmənistanın Kibernetika İnstitutunun zəlzələləri qabaqcadan proqnozlaşdıran stansiyaların quraşdırılmasında yardım etməsi üçün müraciəti müsbət cavablandırılıb. Türkmənistan Elmlər Akademiyası ilə əməkdaşlıq haqqında niyyət protolunun olduğunu deyən T. Əliyev bildirib ki, bu ilin iyun ayında zəlzələləri qabaqcadan proqnozlaşdıran stansiyalarla bağlı Türkmənistana səfər edəcək və orada layihənin detalları razılaşdırılacaq: “Türkmənistanda da bu stansiyalar quraşdırılsa, bütün Xəzər hövzəsində zələzlələri qabaqcadan proznozlaşdırmaq mümkün olacaq. Eyni tipli danışıqlar Türkiyə ilə də aparılır”.

T. Əliyev bildirib ki, hazırda Azərbaycanda zəlzələləri qabaqcadan proqnozlaşdıran iki stansiya fəaliyyət göstərir. Onlardan biri 2010-cu il mayın 1-də Qum adasında quraşdırılan stansiyadır. Digər stansiya isə Şirvanda quraşdırılıb. Hazırda isə Naftalan və Siyəzəndə belə stansiyaların quraşdırılması üzərində iş gedir: “Neftçala və Naxçıvanda da belə stansiyalar quraşdırılacaq. Bununla da, Azərbaycanda zəlzələləri qabaqcadan proqnozlaşdıran stansiyaların sayı 6-ya çatdırılacaq. Bundan sonra Azərbaycan və ətraf regionlarda zələzlərin yerini və saatını 10-12 saat qabaqcadan demək mümkün olacaq. Stansiyaların hər biri 400-500 km radiusu əhatə edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR