BAXCP siyasi partiyalara ayrılan maliyyənin həcmindən narazıdır

BAXCP siyasi partiyalara ayrılan maliyyənin həcmindən narazıdır
# 15 oktyabr 2012 11:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda müzakirə olunan ilk məsələ 2013-cü ilin dövlət büdcəsi və büdcə zərfində siyasi partiyaların maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitlə bağlı olub. İdarə Heyəti hesab edib ki, dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün kifayət qədər az vəsaitin ayrılması çoxpartiyalı sistemin və müvafiq olaraq siyasi sistemin inkişafına hər hansı bir töhfə verməyəcək. Siyasi partiyaların maliyyələşməsi ilə kriteriyaların düzgün müəyyənləşdirilmədiyini və bu barədə “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklərin edildiyi zaman öz mövqeyini açıqladığını vurğulayan İdarə Heyətinin qənaətinə görə, indiki halda yalnız hakim Yeni Azərbaycan Partiyasının maliyyələşdirilməsindən söhbət gedə bilər.

İclasda müzakirəyə çıxarılan növbəti məsələ partiyanın III Qurultayının keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təklif olunan yerlərlə bağlı olub. BAXCP hesab edib ki, təklif olunan yerlər partiyanın III Qurultayının keçirilməsi üçün əlverişli deyil: “780 nəfər nümayəndənin iştirak edəcəyi qurultayın keçirilməsi üçün 200-300 nəfərlik tutumu olan yerlərin ayrılması anlaşılan deyil. BAXCP hesab edib ki, Yeni Azərbaycan Partiyasının qurultayının keçiriləcəyi yerdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının da qurultay keçirməsinə şərait yaradılmalıdır”.

İdarə Heyətinin müzakirə etdiyi digər məsələ isə son günlər ölkənin ayrı-ayrı bölgələrində əhalinin su, təbii qaz, elektrik enerjisi ilə təminatında yaranmış problemlərlə və bp şirkətinin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olub: “Partiya hesab edir ki, bp qısa bir zaman ərzində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istiqamətində əməli addımlar atmazsa, o zaman bu şirkətin konsorsiumdakı iştirakına birtərəfli qaydada son verilməli və ölkəmizə dəyən ziyanın ödənilməsi üçün beynəlxalq məhkəməyə müraciət olunmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR