Azərbaycanda martda 2,5 mindən artıq vergi pozuntusu aşkarlanıb

Azərbaycanda martda 2,5 mindən artıq vergi pozuntusu aşkarlanıb
# 05 aprel 2012 10:25 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin mart ayında Azərbaycan Vergilər Nazirliyi tərəfindən aparılmış operativ nəzarət tədbirləri zamanı 2 500-dən artıq pozuntu halları aşkar edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, vergi ödəyicilərinin ən çox yol verdiyi pozuntu nağd hesablaşmaların aparılması ilə bağlıdır. Belə ki, 2 519 pozuntu halının təqribən yarısında 1 188-də vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu aşkar edilib.

Digər pozuntulara gəldikdə, 323 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 157 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 551 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 224 vergi ödəyicisi tərəfindən 454 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi aşkarlanıb. Bundan başqa, 204 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 56 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 695 ədəd mal olduğu aşkarlanıb.

Göstərilən faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR