Sərdar Cəlaloğlu İctimai Palatadan istefalara münasibət bildirib

Sərdar Cəlaloğlu İctimai Palatadan istefalara münasibət bildirib
# 18 oktyabr 2012 15:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “İctimai Palatada baş verən istefaların səbəblərini axtarmaq üçün məsələyə bir qədər geniş baxmaq lazımdır. İqtidarın Gülər Əhmədova və Səməd Seyidov məsələsi, KXCP-dəki istefalar, İctimai Palatadakı istefalar və başqa bu kimi məsələlərə ümumi şəkildə baxmaq lazımdır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu İctimai Palatadakı son istefaları şərh edərkən deyib.

Onun sözlərinə görə, ümumi şəkildə baxanda görünür ki, Azərbaycanda repozisiya, siyasi qüvvələr arasında yerdəyişmələr başlayıb: “Bu isə qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır”. O bildirib ki, hər bir kəs prezident seçkisi öncəsi özünün maraqlarını təmin etməyə çalışır, bunun üçün yeni bir müstəvi axtarır, formalaşdırır: “İctimai Palatadan istefa verənlərin hansı bəyanatı səsləndirməsindən asılı olmayaraq, ortada bir fakt var ki, İctimai Palata qarşıdan gələn prezident seçkilərində həmin şəxslərin maraqlarını təmin edən mərkəz rolunu oynaya bilmir. Ola bilsin ki, İctimai Palataya başqa qüvvələr cəlb edilsin, həmçinin əlavə istefalar da ola bilər. Ola bilsin, başqa partiyalardan da istefalar olsun. Ümumiyyətlə, prezident seçkiləri yaxınlaşdıqca, istər siyasi partiyalarda, istərsə də hakimiyyətin özündə çox ciddi hadisələrə - qarşılıqlı kompromatlara, istefalara, yerdəyişmələrə rast gələcəyik”.

S.Cəlaloğlu baş verənlərin başqa ölkələrdə də seçkiqabağı dövrlərdə yaşandığını, bunun normal olduğunu deyib: “Məsələn, Türkiyədə hər seçkiqabağı bu cür proseslər olur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR