NATO Etimad Fondu Azərbaycan-Gürcüstan dövlət sərhədi yaxınlığındakı ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi layihəsinə dəstək verdiyini açıqlayıb

NATO Etimad Fondu Azərbaycan-Gürcüstan dövlət sərhədi yaxınlığındakı ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi layihəsinə dəstək verdiyini açıqlayıb
# 25 aprel 2012 08:21 (UTC +04:00)
Bu barədə APA-ya NATO-dan məlumat verilib.

Məlumatda bildirilir ki, Ceyrançöl Azərbaycan-Gürcüstan sərhədi boyunca təxminən 62 kvadrat kilometr ərazini əhatə edir. Bu ərazidən Sovet ordusu 1955-ci ildən 1991-ci ilə qədər hərbi poliqon kimi istifadə edib. Nəticədə ərazi mina və PHS-lərlə çirklənib.

«NATO Etimad Fondu Saloğluda 6 il davam edən bənzər layihəni tamamladıqdan sonra Ceyrançöl layihəsi ilə Sovetlərdən qalmış öldürücü mirası təmizləməkdə Azərbaycana yardımı davam etdirir», - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, layihə NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin (NAMSA) dəstəyi ilə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən həyata keçiriləcək. Artıq ANAMA tərəfindən ərazidə müvafiq ekspertizalar aparılıb.

ABŞ-ın NATO-dakı siyasi zabiti Rigo Garza ötən onillik ərzində ANAMA-nın mina və PHS-lərin zərərsizləşdirilməsi sahəsində təcrübə qazandığını bildirib: “ANAMA belə incə əməliyyatlar ilə məşğul olmaq üçün təcrübəyə malikdir”.

R. Garza bildirib ki, bu layihə çərçivəsində ABŞ tərəfindən də ANAMA-ya dəstək veriləcək. Onun sözlərinə görə, artıq Azərbaycan bu sahədə başqa ölkələrə öz bilik və bacarıqlarını ixrac etməyə başlayıb.

Məlumatda qeyd edilib ki, ərazinin mina və PHS-lərdən təmizlənməsi yaxınlıqdan keçən strateji neft və qaz kəmərlərinə qarşı təhdidləri azaldacaq.

Əməliyyatların birinci mərhələsində 19 mln. kvadratmetr ərazinin təmizlənməsi nəzərdə tutulur. Birinci mərhələ üçün nəzərdə tutulan layihənin ehtimal olunan qiyməti 3 mln. avro, müddəti 28 aydır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR