Buxarest və Sarayevoda Şuşanın işğalının 20 illiyi ilə bağlı mərasim keçirilib

Buxarest və Sarayevoda Şuşanın işğalının 20 illiyi ilə bağlı mərasim keçirilib
# 08 may 2012 19:42 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Rumıniyadakı səfirliyi bu gün Buxarestdə Şuşanın işğalının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Səfirlikdən APA-ya daxil olan məlumata görə, tədbirdə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası və ARDNŞ-in Rumıniyadakı nümayəndəliyinin rəhbər və idarə heyəti, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar KİV nümayəndələrinin iştirak ediblər.

Tədbirdə Şuşanın tarixindən, mədəni əhəmiyyətindən bəhs edilib, işğaldan sonra şəhərin tarixi və mədəni görkəminin məhv edildiyi vurğulanıb.

Mərasimdə Dağlıq Qarabağ münaqişəsinin tarixi, münaqişənin həlli üçün aparılan danışıqlar, Azərbaycanın problemin yalnız beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı mövqeyindən bəhs edilib.

Tədbir iştirakçıları Şuşanın tarixi-mədəni görüntülərinin, həmçinin erməni işğalçıları tərəfindən dağıdılmış görkəmini əks etdirən filmə də baxıblar.

Bu gün həmçinin Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyi tərəfindən də Sarayevoda Şuşanın işğalının 20 illiyi ilə bağlı anım mərasimi keçirilib.

Sarayevodakı Bosniya və Herseqovina - Azərbaycan Dostluq Parkında Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş memorial kompleks ziyarət edildikdən sonra tədbir diplomatik nümayəndəlikdə davam etdirilib.

Mərasimdə çıxış edənlər Dağlıq Qarabağ münaqişəsindən, müharibə nəticəsində verilmiş itkilərdən danışıblar.

Diplomatik nümayəndəlik Azərbaycan parlamentinin beynəlxalq qurumlara Şuşanın işğalının 20 illiyi ilə bağlı etdiyi müraciəti Sarayevodakı səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri, həmçinin dövlət və QHT sektorunda yayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR