Son 16 ildə Çin Azərbaycan iqtisadiyyatına 700 mln. dollardan çox investisiya yatırıb - FOTO

Son 16 ildə Çin Azərbaycan iqtisadiyyatına 700 mln. dollardan çox investisiya yatırıb - <font color=red>FOTO</font>
# 18 iyun 2012 14:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Pekin və Quançjouda Çin-Azərbaycan biznes forumu, bir sıra ikitərəfli görüşlər keçirilib, sənədlər imzalanıb. Biznes forumlarda bank, sığorta, sənaye, tikinti, konsaltinq, nəqliyyat, əczaçılıq, tekstil, şərabçılıq və s. sahələrdə fəaliyyət göstərən ümumilikdə 300-ə yaxın iş adamı iştirak edib. Biznes forumlar işgüzar dairələr tərəfindən maraqla qarşılanıb və iş adamları arasında əməkdaşlığa dair ilkin razılaşmalar əldə olunub.

Biznes forumlarda çıxış edən Ş.Mustafayev Azərbaycan və Çin arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini, rəsmi və işgüzar səfərlərin, imzalanmış sənədlərin, iki ölkə arasında yaradılmış qanunvericilik bazasının, hökumətlərarası komissiyanın səmərəli fəaliyyətinin əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çinli iş adamları uğurla fəaliyyət göstərir: «Belə ki, 2004-2011-ci illər ərzində Çin kapitalına əsaslanan 40 şirkət qeydiyyatdan keçib, 1995-2011-ci illər ərzində isə Çin şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 102,5 mln. ABŞ dolları, neft-qaz sektoruna isə 598 mln. dolları investisiya yatırılıb. Çin şirkətlərinin iştirakı ilə dövlət sifarişi əsasında həyata keçirilən layihələrin ümumi dəyəri 417 mln. avro təşkil edir. Çində Azərbaycan kapitallı 16 şirkət qeydiyyatdan keçib ki, onlar tərəfindən bu ölkəyə təqribən 5 mln. dollar həcmində investisiya yatırılıb».

Bundan başqa, Çinə səfər çərçivəsində Ş.Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər də keçirib. Çinin kommersiya naziri Çen Deminq ilə keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi sahədə Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, Çinin regionları ilə əlaqələrin inkişafı üçün böyük potensialın olduğu qeyd edilib. Görüşdə Ş.Mustafayev Azərbaycanın tranzit imkanları, xüsusilə Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti barədə geniş məlumat verib, ölkədə sənaye parklarının yaradılması istiqamətində işlərin aparıldığını və Çinin bu sahədə geniş təcrübəyə malik olduğunu vurğulayaraq Çin şirkətlərini bu layihədə iştiraka dəvət edib. Həmçinin görüşdə turizm və humanitar sahədə, xüsusilə də təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Görüşün sonunda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum, İqtisadi İnkişaf Nazirliyi və Çinin Sincan-Uyğur Muxtar Rayonu hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun yaradılması haqqında protokol, həmçinin “Azpromo” ilə Çin və Avropa arasında Texniki və İqtisadi Əməkdaşlıq üzrə Assosiasiya arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Azərbaycan nümayəndə heyəti ilə Çinin kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şan arasında keçirilmiş görüşdə isə iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr idarəsinin rəhbəri Ai Pinq ilə keçirilmiş görüşdə iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq etdiyi, siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğu, iqtisadi əməkdaşlığın inkişaf etdiyi vurğulanıb.

Çinin Şenjen şəhərinin vitse-qubernatoru Janq Ven ilə görüşdə isə Şenjen ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Azərbaycan nümayəndə heyətinə məlumat verilib ki, Şenjen şəhəri əsasən İKT, maliyyə-bank, mədəniyyət və turizm sahəsində inkişaf edib və Çində ilk xüsusi iqtisadi zona məhz burada yaradılıb.

Azərbaycan nümayəndə heyəti ilə Quançjou əyalətinin vitse-qubernatoru Liu Jiqenq arasında keçirilmiş görüşdə iqtisadi-ticarət, investisiya, enerji və turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. L.Jiqenq Azərbaycanın turizm imkanları ilə tanış olmaq istədiyini bildirib, əyalətin sənaye parklarının tikintisi sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayıb. Nazir Ş.Mustafayev çinli iş adamlarını Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, eləcə də sənaye parklarının yaradılması layihələrində fəal iştiraka dəvət edib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Çində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, Quançjou Sənaye Parkının, eləcə də bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”), Azərbaycan İnvestisiya Şirkətinin, «Sumqayıt Kimya Sənaye Parkı» MMC-nin nümayəndələri, həmçinin iş adamları daxil idi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR