Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri: “Biz İrandakı bütün nüvə materiallarından dinc məqsədlə istifadə olunduğunu söyləyə bilmərik”

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri: “Biz İrandakı bütün nüvə materiallarından dinc məqsədlə istifadə olunduğunu söyləyə bilmərik”
# 06 noyabr 2012 07:36 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukio Amano BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində yayılan bəyanatında bildirib.

Bəyanatda deyilir ki, İranda beynəlxalq agentliyə məlum olmayan nüvə materiallarının və fəaliyyətlərinin olmadığı haqda təminat vermək mümkün deyil, çünki İran agentliklə lazımi səviyyədə əməkdaşlıq etmir: “Bu səbəblə biz İrandakı bütün nüvə materiallarından dinc məqsədlə istifadə olunduğunu söyləyə bilmərik”.

Y. Amano Şimali Koreyada nüvə reaktorunun tikintisi və uranın zənginləşdirilməsindən narahat olduğunu da söyləyib. O, atom enerjisinə qlobal ehtiyaca və yeni nüvə reaktorlarının inşası planlarına da diqqət çəkib. Y. Amano tikintisi gedən və ya planlaşdırılan nüvə reaktorlarının əksəriyyətinin Asiyada olduğunu qeyd edib. Onun sözlərinə görə, Çin, Hindistan, Koreya Respublikası və Rusiya kimi ənənəvi istehlakçılar nüvə energetikası sahəsində proqramlarını genişləndirməyə çalışırlar.
Beynəlxalq agentlik rəhbəri gələn ilin iyun ayında Rusiyanın Sankt-Peterburq şəhərində nazirlər səviyyəsində XXI əsrdə nüvə təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcəyini də xatırladıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR