Dövlət Əmək Müfəttişliyi Xidməti bir istehsalat müəssisəsinin fəaliyyətini dayandırıb

Dövlət Əmək Müfəttişliyi Xidməti bir istehsalat müəssisəsinin fəaliyyətini dayandırıb
# 28 avqust 2012 13:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən daş karxanalarında əmək qanunvericiliyinə əməl olunması ilə bağlı keçirilən reydlər nəticəsində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində fəaliyyət göstərən “Kənan” MMC-nin fəaliyyəti dayandırılıb.

APA-Economics”in xəbərinə görə, bir qrup jurnalistin və DƏMX əməkdaşlarının iştirakı ilə keçirilən reyd nəticəsində həmin müəssisədə çalışan işçilərə xüsusi geyimlərin verilməməsi və onlarla əmək müqavilələrinin bağlanmaması qeydə alınıb.

Reydin nəticəsi ilə bağlı məlumat verən DƏMX-in rəis müavini Məhərrəm Məhərov bildirib ki, “Kənan” MMC istehsalat müəssisəsində avadanlıqlar istismara uyğun deyil, işçilər üçün normal şərait yaradılmayıb, onların əmək müqavilələri yoxdur: “Müəssisənin acınacaqlı vəziyyətdə fəaliyyət göstərməsinə yol verilməyəcək”.

Məhərrəm Məhərov bildirib ki, üç gün müddətində istehsalat müəssisəsində olan avadanlıqların problemi aradan qaldırılmalı, 30-a yaxın işçi ilə əmək müqaviləsi bağlanmalıdır: “Əks təqdirdə, müəssisə hüquqi şəxs olduğuna görə 20-25 min manat cərimə olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR