Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda ilk dəfə olaraq, «AzeriCard» Prosessinq Mərkəzi kart olmadan mobil telefon vasitəsi ilə bankomatdan nağd vəsait əldə etmək imkanını təqdim edir. Mərkəzin təsisçisi olan Azərbaycan Beynəlxalq Bankından «APA-Economics»ə verilən məlumata görə, bu yenilik «MobilBank» xidmətinin istifadəçiləri üçün yaradılıb.
Bu xidmət vasitəsilə «MobilBank» istifadəçiləri kart hesablarından istənilən məbləğdə və valyutada, kartı olmayan şəxslərə nağd pul göndərə bilərlər və ya plastic kartları yanlarında olmadığı təqdirdə bankomatdan nağd pul çıxara bilərlər. Xidmətdən istifadə etmək üçün kart sahibi «MobilBank» sisteminə daxil olaraq əsas menyuda «Cash by Code» seçir, məbləği və valyutanı daxil edir. Sistem xüsusi kod yaradaraq, onu telefonun ekranında əks etdirir. Əgər kart sahibi həmin vəsaiti kiməsə göndərmək istəyirsə, onda o kodu SMS vasitəsi ilə ya da başqa üsulla pulu göndərdiyi şəxsə çatdırır və ya kart sahibi özü həmin kod vasitəsi ilə nağd pulu bankomatdan əldə edir. Kod ilə vəsaiti almaq üçün, göndərilən vəsaitin məbləğini və valyutasını bankomata daxil etmək lazımdır.
Qeyd edək ki, göstərilən xidmət «Mobile Wallet» layihəsi çərçivəsində keçirilir. Həmin layihə hazırda mobil telefon vasitəsi ilə həyata keçirilə bilən kommunal ödənişlər, balansın öyrənilməsi, hesabatın çıxarışı, kartın bloklaşdırılması, kartdan karta köçürmələrin edilməsi, kartsız bankomatdan nağd pulun çıxarılması (Cash by Code) funksiyalarına əlavə olaraq ticarət və xidmət məntəqələrində mobil telefon vasitəsi ilə kartsız ödəmənin tətbiq edilməsini nəzərdə tutur. Bu layihə üzrə müvafiq işlər görülməkdədir.
«MobilBank» xidmətinə qoşulmaq üçün «JAVA MIDP 2.0» və «JAVA BIS» (yalnız BBM-ə qoşulmuş «BlackBerry» telefonları) platformalı mobil telefonlardan istifadə edən hər kəs www.azericard.com/?p=13 linkə, «Android» və «iOS» platformalı mobil telefonlardan istifadə edən şəxslər isə «Google Play» və «Apple Store»a daxil ola bilərlər.