Bank Of Baku

“Az çəki, çox həyat”: Novo Nordisk piylənmə ilə mübarizədə müasir tibbi yanaşmalarını Azərbaycana gətirir

“Az çəki, çox həyat”: Novo Nordisk piylənmə ilə mübarizədə müasir tibbi yanaşmalarını Azərbaycana gətirir
# 04 iyun 2026 16:00 (UTC +04:00)

Danimarkanın aparıcı qlobal səhiyyə şirkəti "Novo Nordisk" Azərbaycanda mühüm bir mərhələni qeyd edərək piylənmə ilə yaşayan insanlar üçün “Live Lighter – Az çəki, çox həyat” kampaniyasını Bakı Konqres Mərkəzində keçirilən xüsusi media konfransında təqdim edib.

APA xəbər verir ki, tədbir səhiyyə liderlərini, dövlət qurumlarının nümayəndələrini, media təmsilçilərini və ictimaiyyət nümayəndələrini bir araya gətirərək ölkənin ən aktual, lakin çox zaman yanlış başa düşülən sağlamlıq problemlərindən biri olan piylənmənin tibbi, sosial və ictimai səhiyyə baxımından təsirlərinin müzakirəsinə həsr olunub.

Tədbirdə qeyd olunub ki, qlobal miqyasda olduğu kimi, Azərbaycanda da yayılma səviyyəsi artmaqda olan piylənmə hələ də çox vaxt yalnız şəxsi məsuliyyət və həyat tərzi seçimi kimi qiymətləndirilir. Bu yanaşma isə bir çox hallarda vaxtında və düzgün tibbi yardımın alınmasını gecikdirə bilər. Piylənmə 200-dən çox tibbi vəziyyətlə, o cümlədən 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri, böyrək və qaraciyər pozğunluqları, eləcə də bəzi xərçəng növləri ilə yaxından əlaqələndirilir. Bu hallar insanların uzunmüddətli sağlamlığına və həyat keyfiyyətinə ciddi təsir göstərməklə yanaşı, səhiyyə sistemləri üzərində də artan yük yaradır.

Tədbirdə "Novo Nordisk" orijinal semaqlutid tərkibli yeni GLP-1 preparatının Azərbaycanda istifadəyə təqdim olunduğu bildirilib.

Qeyd edilib ki, preparatın ölkəmizdə əlçatan olması həkim nəzarəti altında fərdiləşdirilmiş müalicə imkanlarını genişləndirməklə yanaşı, piylənmə ilə bağlı ictimai maarifləndirmənin gücləndirilməsinə də töhfə verə bilər. Yeni təqdim olunan preparat piylənmə ilə yaşayan insanlar üçün nəzərdə tutulmuş həftədə 1 dəfə istifadə edilən müalicə vasitəsidir. Preparatın istehsal prosesi Danimarkada yerləşən, beynəlxalq standartlara uyğun sertifikatlaşdırılmış nüfuzlu istehsal müəssisələrində həyata keçirilir və ABŞ Qida və Dərman Administrasiyası, Avropa Dərman Agentliyi daxil olmaqla aparıcı qlobal tənzimləyici orqanlar tərəfindən təsdiqlənib. Həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən də rəsmi təsdiqini alıb. Orijinal semaqlutid həm klinik tədqiqatlarda, həm də real klinik praktikada geniş şəkildə öyrənilib və bu günədək dünyada 49 milyondan çox istifadə təcrübəsinə malikdir.

Tədbirdə çıxış edən Danimarkanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Ole Toft səhiyyə sahəsində daha yaxşı nəticələrə nail olmaq üçün tərəfdaşlığın əhəmiyyətini vurğulayıb:

“Piylənmə kimi kompleks sağlamlıq problemlərinin həlli əməkdaşlıq, innovasiya və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş ortaq öhdəlik tələb edir. Danimarka səhiyyə innovasiyaları sahəsində güclü irsə malikdir və bu təcrübənin Azərbaycanın səhiyyə mühitində mənalı irəliləyişə töhfə verdiyini görmək sevindiricidir”.

"Novo Nordisk"in Azərbaycan üzrə rəhbəri Şule Erdim Ersoy bildirib ki, Piylənmə artıq səhiyyə müzakirələrinin kənarında qalmamalıdır: “Uzun müddət piylənmə yalnız iradə məsələsi kimi təqdim olunub. Halbuki elm bunun daha mürəkkəb tibbi vəziyyət olduğunu göstərir. Novo Nordisk diabet sahəsində 100 ildən artıq təcrübəyə və ciddi xroniki xəstəliklərin müalicəsində dərin biliklərə malik qlobal səhiyyə lideridir. Şirkət həmçinin piylənmə sahəsində üç onillikdən artıq müddətdə məqsədyönlü elmi tədqiqatlar aparır. Bizim üçün bu, yeni bir istiqamət deyil. Bu, elmə, məsuliyyətə və pasiyent təhlükəsizliyinə əsaslanan uzunmüddətli öhdəlikdir”.


“EASO ECN"in Azərbaycan üzrə İdarə Heyətinin üzvü, piylənmə müalicəsi üzrə mütəxəssis həkim Emil Hidayətlinin sözlərinə görə, bir çox pasiyent üçün piylənmə və artıq çəki sadəcə həyat tərzi seçimlərinin nəticəsi deyil: “Heç kim bu vəziyyəti özü seçmir. Bu, xroniki haldır. Hər pasiyentin yolu fərqlidir və bir çox insan üçün çəkinin idarə olunması bioloji səbəblərə görə çətin olaraq qalır. Piylənmə ilə yaşayan insanları həkimləri ilə danışmağa və peşəkar tibbi dəstək almağa çağırıram”.

"Novo Nordisk" Azərbaycanın Tibbi Meneceri Aytən Aslanova deyib ki, semaqlutid tərkibli GLP-1 preparatı piylənmənin müalicəsində yalnız çəki azalmasına deyil, xəstəliyin daha kompleks idarə olunmasına yönəlmiş elmi əsaslı yanaşmanı təmsil edir: “Klinik tədqiqatlar semaqlutidin bədən çəkisinin əhəmiyyətli və davamlı azalmasına kömək edə biləcəyini, həmçinin müəyyən pasiyent qruplarında ürək-damar sağlamlığı baxımından əlavə klinik faydalar göstərdiyini ortaya qoyur”.


Qeyd edək ki, Novo Nordisk 1923-cü ildə təsis edilmiş və baş ofisi Danimarkada yerləşən aparıcı qlobal səhiyyə şirkətidir. Şirkətin məqsədi diabet sahəsindəki irsinə əsaslanaraq ciddi xroniki xəstəliklərə qalib gəlmək üçün dəyişikliklərə təkan verməkdir. "Novo Nordisk" bu məqsədi elmi yeniliklərə öncülük etməklə, dərmanlara çıxışı genişləndirməklə, xəstəliklərin qarşısının alınması və nəticədə onların müalicəsi istiqamətində çalışmaqla həyata keçirir. Şirkət təxminən 68 800 əməkdaşı ilə 80 ölkədə fəaliyyət göstərir və məhsullarını təxminən 170 ölkədə təqdim edir.

"Novo Nordisk" Azərbaycanda 20 ildən artıqdır fəaliyyət göstərir. Bu müddət ərzində şirkətin əsas diqqəti diabetlə yaşayan insanların müalicə imkanlarına çıxışının yaxşılaşdırılmasına, səhiyyə mütəxəssislərinin dəstəklənməsinə və xroniki xəstəliklər barədə maarifləndirmənin artırılmasına yönəlib. Bu gün "Novo Nordisk" həmin uzunmüddətli təcrübə və elmi əsaslı yanaşmanı piylənmə ilə mübarizə sahəsinə də tətbiq etməklə Azərbaycanda daha sağlam gələcəyin formalaşmasına töhfə verməyi hədəfləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR