Azərbaycan və Macarıstan arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında saziş imzalanacaq - FOTO

Azərbaycan və Macarıstan arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında saziş imzalanacaq - <font color=red>FOTO</font>
# 28 iyun 2012 07:01 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Macarıstanın sosial ailə və gənclərlə iş üzrə dövlət katibi Mikloş Solteslə görüşüb. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, görüşdə gənclər və idman sahəsində iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi, gənclər və idman sahəsində qarşılıqlı əməkdaşlıq haqqında Sazişin imzalanması ilə bağlı müzakirələr aparılıb.

A. Rəhimov gənclər və idman sahəsində görülən işlər, qəbul olunan dövlət proqramları, Azərbaycan idmançılarının London Yay Olimpiya oyunlarına hazırlığı, müstəqillik qazandıqdan sonra Azərbaycanın ilk dəfə olaraq olimpiadaya ən böyük komanda ilə qatılacağı, idman infrastrukturu, idman növlərinin inkişafı və bu istiqamətdə görülən işlər haqda məlumat verib: “Hazırda respublikada 34 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir, 12-si isə tikilməkdədir. Biz 2015-ci ildə Avropa tarixində ilk dəfə olaraq keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya oyunlarına, 2016-cı il Şahmat Olimpiadasına, 2017-ci il İslam oyunlarına ev sahibliyi etmək istiqamətdə çalışırıq”.

Nazir Macarıstan-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsini, prezident İlham Əliyevin hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha çox inkişafına önəm verməsini və bu sahələr sırasında gənclərin də olmasını xüsusi vurğulayıb.

Öz növbəsində, Mikloş Soltes Bakıda keçirilən “Böyük ipək yolu” gənclərin beynəlxalq konqresi və festivalında iştirak etməsindən məmnun olduğunu bildirib. O, eyni zamanda bir neçə ay öncə Macarıstanda keçirilmiş xaricdə təhsil alan azərbaycanlı gənclərin forumunu xatırlayıb, gənclər və idman sahələrinin inkişafının önəmindən söz açıb, bu istiqamətdə daha böyük işlərin görülməsi üçün çalışacağını qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR