Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin son hesabatının Azərbaycana aid hissəsində qeyd olunanlara münasibət bildirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin son hesabatının Azərbaycana aid hissəsində qeyd olunanlara münasibət bildirib
# 07 avqust 2012 13:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin insan hüquqları üzrə 2011-ci il üçün hesabatının Azərbaycana aid hissəsində qeyd olunanlara münasibət bildirib. Komitədən APA-ya verilən məlumatda qeyd olunur ki, hesabatda “Əjdərbəy” məscidinin yenidənqurmadan sonra prezident İlham Əliyevin iştirakı ilə açılış mərasiminin keçirilməsi, Bakıda dağ yəhudiləri dini icması üçün yeni sinaqoqun istifadəyə verilməsi, katolik kilsəsinin Apostol prefekturasının dövlət qeydiyyatına alınması və bu faktların sənəd müəllifləri tərəfindən dini azadlığa hörmətdə müsbət irəliləyiş kimi qeyd olunması Azərbaycanda dini tolerantlıq və dövlətin dini azadlığın qorunmasına göstərdiyi diqqətin təsdiqidir.

Komitə qeyd edir ki, Azərbaycanda dini durumla bağlı real vəziyyət öz əksini tapmayıb və yazılanlar səthi xarakter daşıyıb. Şərhdə bildirilib ki, hesabatın tərtibatında bir sıra hallarda qüsur və qeyri dəqiqliklərə yol verilib, təhlil işi zəif, şablon sxemlərə uyğun və səthi şəkildə həyata keçirilib: “Məsələn “Mədh kilsəsi” dini icmasının yenidən dövlət qeydiyyatına alınmadığı bildirilir, halbuki həmin dini qurum “həyat sözü” dini icması adı ilə Komitədə yenidən qeydiyyatdan keçib. Bundan başqa, “Yehovanın şahidləri” dini icması ilə bağlı hesabatda qeyd edilənlərin əksinə olaraq Dövlət Komitəsi həmin dini icmaya qarşı hansısa iddia qaldırmayıb. əksinə, dini icma Komitəyə qarşı müxtəlif iddialarla məhkəməyə müraciət edib.
Eyni qeyri obyektivlik dini ədəbiyyatın nəşri ilə bağlı məsələdə də özünü büruzə verib. Dini ədəbiyyatın nəşrinə və yayılmasına məhdudiyyətlər qoyulmasına dair hesabatda yer alan fikirlər ilə bağlı bildiririk ki, bu sahədə hesabat müəlliflərinin fikrini nəinki Komitə, ölkənin dini icmalarının mütləq əksəriyyəti bölüşmür. Belə ki, bu vaxta qədər dini ədəbiyyatla bağlı “Yehovanın şahidləri” dini icması istisna olmaqla Komitəyə heç bir şikayət xarakterli müraciət daxil olmayıb”.

Komitədən qeyd ediblər ki, hər bir ölkədə olduğu kimi, Azərbbaycanda da bu sahənin tənzimlənməsi ilə bağlı təkmilləşdirmə işləri aparılır və proses gələcəkdə də davam etdiriləcək: “Məsələn, hesabatda da qeyd olunduğu kimi dövlət orqanları ilə dini icmalar arasında bəzi hallarda yaşanan problemlərin bir qismi dini maarifçilik işinin aşağı olmasından qaynaqlanır. Yekun olaraq bildiririk ki, hesabat tərtib olunarkən sadalanan qüsurlara və qeyri-dəqiqliklərə yol verilməməsi üçün sənədin hazırlıq mərhələsində, tam müstəqilliyi qorumaqla göstərilən faktlarla bağlı dövlətin rəsmi rəyi alınması onun keyfiyyətinin artmasına xidmət edə bilər. Qeyri-rəsmi mənbələrlə rəsmi baxışın birgə araşdırılması daha aydın, obyektiv və hərtərəfli təhlillərin aparılmasına şərait yaradardı. Komitə gələcəkdə bu səpkili hesabatların daha obyektiv və əsaslı tərtib edilməsi üçün ABŞ tərəfi ilə əməkdaşlığa hazır olduğunu bildirir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR