Azərbaycan yerli şirkətlərin aktivlərin xaricə çıxarılmasına nəzarəti gücləndirir

Azərbaycan yerli şirkətlərin aktivlərin xaricə çıxarılmasına nəzarəti gücləndirir
# 27 mart 2012 14:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan şirkətlərinin aktivlərinin xaricə çıxarılmasına dövlət nəzarəti gücləndiriləcək və bu proses dövlət tərəfindən tənzimlənəcək. «APA-Economics»in məlumatına görə, bu, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənən «Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsi haqqında» Qaydalarda nəzərdə tutulur.

Bununla bağlı əvvəlki qaydalardan fərqli olaraq yeni qaydalar təkcə Azərbaycan emitentlərinin qiymətli kağızlarının deyil, həmçinin baza aktivi Azərbaycan emitentlərinin qiymətli kağızları və Azərbaycanda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin iştirakı ilə emissiya edilən qiymətli kağızların da Azərbaycan ərazisindən kənarda yerləşdirilməsini tənzimləyir.

Belə ki, əgər indiyədək yerli şirkətlər heç bir icazə olmadan öz qiymətli kağızlarını və ya aktivlərini Azərbaycan ərazisindən kənarda yaradılan hüquqi şəxslər vasitəsilə xaricdə yerləşdirə bilirdisə, bundan sonra həmin əməliyyatlar üçün icazə tələb olunacaq. Başqa sözlə, bu qaydalar vasitəsilə Azərbaycan şirkətlərinin aktivlərinin xaricə çıxarılmasına dövlət nəzarəti gücləndiriləcək və bu proses dövlət tərəfindən tənzimlənəcək.

Yeni qaydaların tətbiqi ilə Azərbaycan emitentlərinin iştirakı ilə Azərbaycan ərazisindən kənarda qiymətli kağızların yerləşdirilməsinə QKDK-nin icazəsi ilə yol verilir.

Yeni qaydalara əsasən, qiymətli kağızlarını xaricdə yerləşdirmək istəyən şirkətlərə qarşı tələblər sərtləşdiriləcək. Belə ki, bundan sonra həmin şirkətlər qiymətli kağızlarının yerləşdirilməsinə icazənin alınması üçün QKDK-ya digər sənədlərlə yanaşı son maliyyə ili üzrə tərtib edilmiş və müstəqil auditor tərəfindən yoxlanılmış maliyyə hesabatları təqdim etməlidir.

Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiya yönümlü təxsisat alan, habelə, dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslər isə xarici borclanma üçün Azərbaycan Maliyyə Nazirliyindən də razılıq almalı olacaqlar.

Qaydalara əsasən, yalnız o şirkətlər xaricdə qiymətli kağızlarını yerləşdirə bilər ki, onların tədavüldə olan investisiya qiymətli kağızları Bakı Fond Birjasının kotirovka vərəqəsinə daxil edilmiş olsun.

Bundan başqa, qaydalara görə, emitentin Azərbaycan ərazisindən kənarda dövriyyədə olan səhmlərinin həcmi, cəmi emissiya etdiyi səhmlərin 40%-dən artıq hissəsini təşkil etməməlidir. Başqa sözlə, yerli şirkətlər xaricdə öz səhmlərinin maksimum 40%-ni yerləşdirə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR