Fransanın yeni rəhbərliyi Avropa Birliyinin büdcə sazişi ilə bağlı şərtini açıqlayıb

Fransanın yeni rəhbərliyi Avropa Birliyinin büdcə sazişi ilə bağlı şərtini açıqlayıb
# 17 may 2012 14:29 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Birliyinin (AB) büdcə sazişinə iqtisadi artımı stimullaşdıracaq tədbirlər salınmasa, Fransa sənədi ratifikasiya etməyəcək.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bunu Fransanın yeni maliyyə naziri Pyer Moskovisi bildirib.

Onun sözlərinə görə, Fransa hökuməti büdcə məsuliyyətini və iqtisadi artımı qarşı-qarşıya qoymur: “Düşünürəm ki, yalnız büdcəyə qənaət tədbirləri ilə Avropadakı borc böhranını həll etmək olmaz”.

Bundan əvvəl Fransanın yeni prezidenti Fransua Olland birliyə üzv olan ölkələrin ÜDM-nin artımına diqqət yetirmək üçün AB-nin büdcə sazişinə yenidən baxılmasının vacibliyini bildirib.

Qeyd edək ki, AB-nin büdcə paktını birliyə daxil olan 27 ölkədən 25-i imzalayıb. Böyük Britaniya və Çexiya sənədi imzalamaqdan imtina edib. Saziş AB üzvü olan ölkələrə qarşı büdcə kəsiri tələblərini sərtləşdirir - 1 yanvar 2013-cü ildən büdcə kəsiri ÜDM-in 0,5%-ni, dövlət borcu az olan ölkələr üçün 1%-ni ötməməlidir. Hazırda isə bu göstərici 3% təşkil etməklə tövsiyə xarakteri daşıyır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR