Azərbaycanda 2015-ci ilədək bütün obyektlərdə icbari qaydada POS-terminallar quraşdırılacaq

Azərbaycanda 2015-ci ilədək bütün obyektlərdə icbari qaydada POS-terminallar quraşdırılacaq
# 08 oktyabr 2012 13:40 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları»nın və «POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları»nın təsdiq edilməsi barədə qərarında nəzərdə tutulub. Adı çəkilən qərarda POS-terminalların quraşdırılması tələb olunan obyektlər müəyyənləşdirilib. Qərara əsasən, dövriyyəsindən və ərazisindən asılı olmayaraq ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektlərində (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən) POS-terminallar quraşdırılmalıdır. Bundan başqa, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri də (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən) POS-terminalla təmin edilməlidir. Yeni qaydalara əsasən, rüb üzrə orta aylıq dövriyyəsi 2000 manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), eləcə də vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanlarında POS-terminallar quraşdırılmalıdır.

Nəhayət, hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri də POS-terminallarla təmin edilməlidir.

Nazirlər Kabinetinin qərarına əsasən, 2015-ci ilin sonunadək Azərbaycanın bütün kənd və qəsəbələri POS-terminallarla təmin edilməlidir. Belə ki, Bakı, Gəncə və Sumqayıt şəhərləri 2012-ci ilin sonunadək, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad şəhər və rayonları (kənd və qəsəbələr istisna olmaqla) 2013-cü ilin sonunadək, digər rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) 2014-cü ilin sonunadək, Azərbaycanın bütün kənd və qəsəbələri isə 2015-ci ilin sonunadək POS-terminallarla təmin edilməlidir. Eləcə də ərazisindən asılı olmayaraq vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları 2013-cü ilin sonunadək tamamilə POS-terminallarla təchiz edilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR