Fuad Ələsgərov: “Yeni imzalanmış Fərman prezident İlham Əliyevin həyata keçirdiyi islahatların növbəti mərhələsidir”

Fuad Ələsgərov: “Yeni imzalanmış Fərman  prezident İlham Əliyevin həyata keçirdiyi islahatların növbəti mərhələsidir”
# 14 iyul 2012 09:41 (UTC +04:00)
APA həmin müsahibəni təqdim edir.

- Azərbaycan Respublikasının Prezidenti iyulun 13 - də “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” yaradılması barədə Fərman imzaladı. Fərmanın məqsədi nədir?

- Bu Fərman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların növbəti mərhələsidir. Bir neçə gün öncə iyulun 11-də cənab prezident Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında elektron sistemə keçidin qaçılmazlığını vurğuladı, elektron sistemə keçidi təmin etməklə, institusional islahatları həyata keçirməklə, şəffaflığı artırmaq, korrupsiyaya qarşı mübarizə istiqamətində daha böyük nəticələr əldə olunacağını qeyd etdi. Fərman məhz bu ideyanın təcrübədə tətbiqini ehtiva edir.

Bilirsiniz ki, son zamanlar informasiya kommunikasiya texnologiyalarının dövlət qurumlarının fəaliyyətinə inteqrasiya edilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər dövlət orqanı əməkdaşları ilə vətəndaşlar arasında birbaşa təması minimuma endirir, mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Bu Fərmanda nəzərdə tutulan islahatların həyata keçirilməsi isə vətəndaşları dövlət xidmətlərinə daha da yaxın edəcək və onların bu xidmətlərdən asan və şəffaf formada əldə edilməsini təmin edəcəkdir.

- Bu konsepsiyasının reallaşdırılması nəticəsində dövlət orqanlarının göstərdiyi xidmətlərin vətəndaşlara daha yaxın və əlçatan olacağını qeyd etdiniz. Həmin xidmətlər hansı formada reallaşdırılacaqdır?

- Bu konsepsiya vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərinin daha keyfiyyətli və yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərilməsini nəzərdə tutur. Bu baxımdan vətəndaşlara göstəriləcək xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlərin “ASAN xidmət” mərkəzləri adlandırılması xüsusi olaraq seçilib. “ASAN” həmçinin ingilis dilindən Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi (Azerbaijan Service and Assessment Network) kimi tərcümə oluna bilər. “ASAN” xidmət ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır. Bu dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının inkorporasiya edilməsidir və ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcəkdir. Bu ideyanın maraqlı cəhətlərindən biri də odur ki, bu xidmətlər şərti müəyyən edilmiş “bir qapı” prinsipi üzrə təqdim ediləcəkdir. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana biləcək. Bu vətəndaşlarımızın fərdi xərclərinin azalmasına, zaman itkisinin aradan qaldırılmasına, şəffaflığın və onların şəxsi rahatlığının təmin edilməsinə imkan verəcək.

Bu konsepsiyada əsas prinsiplər kimi operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq müəyyən edilib. Belə ki, vətəndaş mərkəzə daxil olaraq məlumat köşkündən əldə etmək istədiyi sənəd üçün hansı bölməyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənəcək və həmin bölmənin pəncərəsində elektron növbə əsasında gözləyəcək. Mərkəzlərdə yerləşdirilmiş elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaq. Növbə çatdıqda xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edə və əldə etmək istədiyi sənədi qanunverciliklə müəyyən edilmiş müddətlərdə götürə biləcək. Bu ideyanın digər bir maraqlı elementi ondan ibarətdir ki, bu mərkəzlərdə xidmətlər yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçiriləcək və təqvimin bütün günlərində fasiləsiz olaraq vətəndaşlara açıq olacaq. Mərkəzlər vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün uşaq əyləncə mərkəzlərinə, internet-kafe, bank, poçt şöbələrinə və sair funksional yardımçı xidmətlərə malik olacaqdır.

- Mərkəzlərdə hansı xidmətlər göstəriləcək?

- Xidmətlərin növləri müxtəlif olacaq. Lakin ilkin olaraq birbaşa (yerində) xidmətlər, özünəxidmət, çağrı xidməti (call center) və səyyar xidmətlər qeyd edilməlidir. Birbaşa xidmət artıq qeyd etdiyim kimi, vətəndaşın xidmət bölməsinə yaxınlaşaraq müraciət etməsi və müraciət əsasında xidmət göstərilməsidir. Özünəxidmət halında isə vətəndaş mərkəzdə daim internetə açıq olan komputerlərlə təchiz edilmiş xüsusi otaqlara yaxınlaşmaqla bütün növ elektron xidmətlərdən yararlana biləcək. Çağrı xidməti vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı irad və təkliflərini, şikayətlərini bildirə biləcək. Ölkə üzrə bütün xidmət mərkəzləri vahid telefon nömrəsi ilə təchiz olunacaq. “Çağrı” mərkəzi eyni zamanda videoqəbul vasitəsilə vətəndaşlara informasiya xidmətləri göstərəcək. Səyyar xidmətlər də isə vətəndaş qanunla nəzərdə tutulmuş qaydada əlavə haqq ödəməklə öz iş və ya yaşayış yerini tərk etmədən xidmətlərdən yararlana biləcək. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlərin və xidmətin nəticəsi olaraq vətəndaşa verilməli olan sənədlərin onun yaşayış və ya iş yerində təhvil götürülə və ya təhvil verilməsi mümkün olacaq.

- Bu xidmət mərkəzlərinin fəaliyyətləri nəticəsində hansı nəticələrin əldə edilməsi gözlənilir?

- Bu mərkəzlərin yaradılması ilk olaraq dövlətin vətəndaşlara olan qayğısının bariz nümunələrindən biridir. Çünki bu mərkəzlərin fəaliyyəti digər dövlət qurumları tərəfindən göstərilən xidmətləri məhdudlaşdırmır və alternativ xidmət kimi fəaliyyət göstərir. Burada əsas məqsəd artıq qeyd etdiyim ki, bu prosesdə vətəndaşların maksimum əlverişli şəraiti təmin etməkdir. Bu mərkəzlərdə vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi gözlənilir. Belə ki, mərkəzlərin əməkdaşları etika, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, iz ahetmə bacarıqlarını (stress management) inkişaf etdirən xüsusi kursları keçmiş peşəkarlar olacaqdır. Bu mərkəzlərin fəaliyyəti həmçinin şəffaflığı artıracaq, elektron xidmətlərdən daha geniş istifadə olunmanı təmin edəcək və mümkün korrupsiya hallarının aradan qaldırılmasına xidmət edəcəkdir.
Bu, həmdə cəmiyyətdə mövcud müsbət gözləntilərə bir cavab olacaqdır.

- Yeni yaradılacaq dövlət agentliyinin əsas fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?

- Agentlik “ASAN” xidmət mərkəzlərinin vahid şəkildə idarə edilməsini, bu mərkəzlərin əməkdaşlarının müəyyən edilmiş tələblər və standartlar çərçivəsində fəaliyyətinin təmin edilməsini və əlaqələndirilməsini, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini nəzərdə tutur. Agentlik həmçinin həyata keçiriləcək xidmətlərin keyfiyyətinə, şəffaflığa, etik qaydalara riayət olunmasına nəzarət edəcək və xidmətlər üzrə qiymətləndirmələr aparacaqdır.

- Belə xidmət mərkəzləri başqa ölkələrin təcrübəsində də varmı?


- Belə oxşar xidmət mərkəzləri başqa ölkələrdə də var lakin onların fəaliyyəti konseptual baxımdan daha məhdud çərçivədədir. Belə ki, əksər təcrübələrdə belə mərkəzlər yalnız bir quruma aid olan xidmətləri həyata keçirməklə məhdudlaşır. ASAN xidmət konsepsiyası isə daha miqyaslıdır və müxtəlif dövlət qurumlarının göstərdikləri xidmətləri də bir mərkəzdə birləşdirir. Qeyd edilməlidir ki, bu konsepsiya yenidir və təbii ki, icra prosesində daha da təkmilləşəcəkdir. Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin tapşırığına əsasən bu islahatın tətbiqində bütün beynəlxalq ən yaxşı təcrübələr öyrəniləcək və vətəndaşlar üçün bütün aspektlərdən asan xidmətlər təqdim ediləcəkdir.

- Bu xidmət nə vaxt fəaliyyətə başlayacaqdır?

- Azərbaycan Respublikasının Prezidentinin imzaladığı Fərmana əsasən 2 ay müddətində bu xidmətin nümunəvi əsasnaməsinin layihəsi və xidmət mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin növləri barədə təkliflər hazırlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR