ADP Azərbaycan hökumətini Qarabağda Suriyadan gələn ermənilərin yerləşdirildiyi ərazilərə preventiv zərbələr endirməyə çağırıb

ADP Azərbaycan hökumətini Qarabağda Suriyadan gələn ermənilərin yerləşdirildiyi ərazilərə preventiv zərbələr endirməyə çağırıb
# 27 avqust 2012 13:42 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri son vaxtlar orduda baş verən intihar və digər səbəblərlə bağlı ölüm faktlarının artmasından ciddi narahat olduğunu bildirib və Müdafiə Nazirliyini orduda hərbi intizamın gücləndirilməsi, əsgərlərin təhlükəsizliyinin qorunması istiqamətində təcili addımlar atmağa, bu və ya digər formada baş verən ölüm faktlarının qarşısını almağa çağırıb.

İdarə Heyəti üzvləri Suriyada baş verən hadisələrdən sonra bu ölkədə yaşayan ermənilərin Dağlıq Qarabağ ərazisinə köçürülməsi faktlarının gündəmə gəlməsindən ciddi narahat olduqlarını bildirib, hakimiyyəti ölkənin yurisdikssiyasına daxil olan ərazilərə başlayan bu axının qarşısını almağa və lazım gələrsə, onların yerləşdirildiyi ərazilərə preventiv zərbələr endirməyə çağırıb.

İdarə Heyəti üzvləri türkdilli dövlətlərin Qırğızıstan paytaxtında keçirilən sammitin nəticələrinə münasibət bildirib, bu sammitdə türkdilli dövlətlərin gələcəkdə daha sıx əməkdaşlığına xidmət edən bəyanatlar verilməsini və iştirakçı dövlətlərin milli işarətlərini özündə simvolizə edən vahid bayraq qəbul edilməsini alqışlayıb, eyni zamanda Özbəkistan və Türkmənistan respublikalarının birlikdə təmsil olunmamasından təəssüfləndiyini bildirib.

İdarə Heyəti üzvləri Fransanın yeni prezidenti tərəfindən qondarma erməni genosidi məsələsinin ortaya atılması, hətta bu məsələnin dərsliklərə salınması cəhdlərini qətiyyətlə pisləyib, bu cəhdin demokratik bir ölkədə təhsilin siyasiləşdirilməsinə xidmət etdiyini diqqətə çatdırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR