Azərbaycanda bir neçə yüksək rütbəli polis əməkdaşı məsuliyyətə cəlb edilib

Azərbaycanda bir neçə yüksək rütbəli polis əməkdaşı məsuliyyətə cəlb edilib
# 10 aprel 2012 09:46 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2011-ci il üzrə illik məruzəsində bildirilib. Bildirilib ki, tutma protokolu gerbli möhürlə təsdiq edilmədən vətəndaşı təcridxanaya yerləşdirdiyinə, təcridxananın fəaliyyətinə dair kitab və jurnalların doldurulmasında təhriflərə yol verdiyinə görə Göyçay Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama təcridxanasının rəisi, polis baş serjantı F. Hüseynov, eyni zamanda nəzarətsizlik nəticəsində üç şəxs barəsində müəyyən edilmiş qaydada sənədləşmə aparılmadığına, təcridxanaya qəbul edilən şəxslərin üzərində axtarış lazımi səviyyədə həyata keçirilmədiyinə görə Tovuz Rayon Polis Şöbəsinin rəisi Vaqif İsmayılov, rəisin müavinləri Zəfər Zeynalov və Oruc Əmiraslanov, təcridxananın rəisi Elmar Əsgərov intizam məsuliyyətinə cəlb olunublar.
Vətəndaşların tutulması zamanı onlara qarşı kobudluğa yol verdiyinə və polis şöbəsində əsassız saxlanıldığına görə Tovuz Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Cavad Səfərəliyev daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Hesabatda qeyd olunub ki, ötən il şərəf və ləyaqətin müdafiəsi hüququnun pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə Müvəkkil aidiyyəti qurumlara yoxlama tapşırıqları verib, araşdırmalar aparılıb, müvafiq tədbirlər görülmüş, günahkar şəxslər intizam qaydasında cəzalandırılıblar. Belə ki, vətəndaşlarla ünsiyyətdə kobudluğa yol verdiyinə görə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin rəisi F.Camalova ciddi xəbərdarlıq elan olunub, qəbahətlərə yol verdiyinə görə İmişli Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Rəfail Bayramov isə daxili işlər nazirinin müvafiq əmri ilə intizam qaydasında cəzalandırılıb.
Qeyd edək ki, Ombudsmanın 2011-ci il üzrə hesabatı bu il martın 7-də Milli Məclisin deputatları tərəfindən müzakirə olunub və qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR