Ombudsman Cəlilabad rayonunda regional ictimai dinləmə keçirib

Ombudsman Cəlilabad rayonunda regional ictimai dinləmə keçirib
# 26 may 2012 15:59 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsman Elmira Süleymanova Cəlilabad rayonunda regional ictimai dinləmə həyata keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dinləmədə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Biləsuvar, Masallı, Lənkəran, Yardımlı, Lerik, Astara, Salyan, Neftçala, Hacıqabul və Şirvan icra hakimiyyətlərinin, məhkəmə, daxili işlər orqanları və prokurorluğun rəhbər işçiləri, bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatları, milli azlıqların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ə.Əzizov insan hüquqlarının müdafiəsinin vacibliyini qeyd edib. O, rayonda insan hüquqları ilə bağlı görülən işlərdən danışıb. Elmira Süleymanova isə Azərbaycanda insan hüquqları sahəsində ilk proqramı olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” barədə məlumat verib, ölkədə insan hüquqları sahəsində vəziyyətin getdikcə yaxşılaşdığını bildirib. Müvəkkil eyni zamanda bəzi problemləri və çatışmazlıqları da qeyd edib O, regionda Milli Fəaliyyət Proqramının icrası, insan hüquqlarının müdafiəsi və digər zəruri məsələləri müzakirəyə çıxarıb.

Müzakirələr zamanı bir sıra rayon icra hakimiyyətlərinin rəhbər işçiləri, Cəlilabad rayon Ağsaqqallar şurasının sədri, kəndlərdə icra nümayəndələri, Masallı Ziyalılar Cəmiyyətinin sədri, Cəlilabaddakı rus icmasının nümayəndəsi və digər iştirakçılar çıxış edərək, regionda insan hüquqları sahəsində aparılan iş və əhali arasında hüquqi maariflənmə barədə məlumat veriblər. Eyni zamanda bir sıra problemlər, o cümlədən islah olunmuş məhkumların azadlığa çıxandan sonra işlə təmini, erkən nikahlar və bununla bağlı valideynlərin məsuliyyəti, hüquq-mühafizə orqanlarının bu məsələyə diqqətlə yanaşmaması, alimentlərin verilməməsi, mülkiyyət məsələləri, əmək hüquqlarının pozulması, əlil uşaqların təhsildən kənarda qalması və onların üzləşdikləri digər çətinliklər, bələdiyyələrin fəaliyyətində yaranmış problemlər, bu qurumlarla bağlı sərəncamlarının icra olunmaması, bəzi hallarda bələdiyyələrə dövlət aktlarının və xəritələrin vaxtında təhvil verilməməsi, məhkəmələrdə həmin qurumların müdafiə edilməməsi diqqətə çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR