Orxan Kərimov haqqında həbs-qətimkan dəyişdirilib və o azadlığa buraxılıb

Orxan Kərimov haqqında həbs-qətimkan dəyişdirilib və o azadlığa buraxılıb
# 21 iyun 2012 16:14 (UTC +04:00)
Millət vəkili Çingiz Qənizadənin APA-ya verdiyi məlumata görə, o, və digər hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlı Orxan Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi istiqamətində dünəndən fəaliyyətə başlayıblar: “Bu gün məhkəmə prosesi keçirildi. Həmin vaxt yenidən Orxan Kərimovun səhhəti pisləşdi. Prosesdə hüquq müdafiəçisi Səidə Qocamanlı da iştirak edirdi. Prosesdən sonra mən Prezident Administrasiyası ilə əlaqə saxladım. Orxan Kərimovun vəziyyəti prezident İlham Əliyevə məruzə olundu. İlham Əliyev Orxan Kərimovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi və müalicəyə göndərilməsi barədə göstəriş verib. Bundan sonra məhkəmə onun barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdi. Orxan Kərimov sabahdan müalicəyə göndəriləcək”.

Ç. Qənizadə hüquq müdafiəçiləri adından prezident İlham Əliyevə humanist addımına görə təşəkkür etdiyini də bildirib.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan sabiq müdir müavini Orxan Kərimov, habelə “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Orxan Kərimovun vəkilləri Ramiz Məmmədov və Müzəffər Baxışov vəsatətlə çıxış edərək, müdafiə etdikləri şəxsin xəstə olduğunu nəzərə alaraq, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş ediblər. Bu zaman prosesdə Orxan Kərimovun səhhətində problem yaranıb. O, huşunu itirib. Dərhal məhkəməyə təcili yardım çağırılıb, O. Kərimova tibbi yardım göstərilib. Prosesdə fasilə yaranıb. Fasilədən sonra hakimlər vəsatəti müzakirə edərək, qərar veriblər. Qərara əsasən, vəsatət təmin olunmayıb. Növbəti proses isə iyunun 25-nə təyin olunub. Lakin sonradan məhkəmə prosesi yenidən davam etdirilib və O. Kərimovun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.

Xatırladaq ki, O. Kərimov ötən il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.

Orxan Kərimov şair Əli Kərimin oğludur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR