Pakistanda Xocalı soyqırımının 20 illiyi qeyd olunub

Pakistanda Xocalı soyqırımının 20 illiyi qeyd olunub
# 22 fevral 2012 13:25 (UTC +04:00)
Bakı – APA. Pakistan İslam Respublikasının Müasir Dillər Universitetində Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş “Azərbaycanda Xocalı soyqırımı” adlı seminar keçirilib. Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən xəbərə görə, Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunduqdan sonra Asiya Sivilizasiyaları Cəmiyyətinin sədri, professor Z. A. Qureshi seminar iştirakçılarını Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, əyalətə ermənilərin köçürülmə tarixi haqqında məlumatlandırıb.

Fatimə Cinnah Universitetinin “Müdafiə və diplomatik tədqiqatlar” fakültəsinin dekanı, professor Sayma Kayani Xocalı soyqırımı ilə əlaqədar nümayiş etdirilən sənədli filmi ürək ağrısı ilə izlədiyini qeyd edərək insanlığa sığmayan bu hadisələrin ermənilər tərəfindən məqsədyönlü şəkildə törədildiyini bildirib. O, soyqırımın fəal iştirakçılarından biri olan Ermənistanın indiki prezidenti Serj Sarksyanın dediyi “biz ermənilərin mülki əhalini məhv etməyə qadir olmadığı haqqında stereotipi qıra bildik” sözləri buna sübut kimi səsləndirib.

“Balochistan Today” qəzetinin baş redaktoru Yar Məhəmməd Badini, Milli Müdafiə Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinin dekanı, professor Məhəmməd Xan, Müasir Dillər Universitetinin rektoru, general Masud Hasan da mövzu ətrafında çıxış ediblər.

Tədbirin sonunda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı haqqında geniş məlumat verib. Səfir Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə, həmçinin 1 fevral tarixində Pakistan Senatı tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını ittiham edən qətnamənin qəbul edilməsində göstərdiyi prinsipiallığa görə Pakistan Senatı və xalqına bir daha dərin minnətdarlığını bildirib.

Seminar Pakistan mətbuatında geniş işıqlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR