Tiflisdə Gürcüstanın xaricdəki diplomatları ilə görüş keçirilir

Tiflisdə Gürcüstanın xaricdəki diplomatları ilə görüş keçirilir
# 05 sentyabr 2012 14:19 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə Gürcüstanın xaricdəki diplomatları ilə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hər il ənənəvi keçirilən tədbiri Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze açıb.

Onun çıxışından sonra dipkorpus təmsilçilərinin iştirakı ilə diskussiya və digər çıxışlar olub.

Görüşdə Gürcüstanda gedən siyasi proseslər müzakirə olunub. Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze jurnalistlərə açıqlamasında görüşdə müxtəlif məsələlərin müzakirə olunduğunu deyib: “Biz şimal qonşumuzun fəal siyasəti qarşısında böyük çağırışlarla üz-üzəyik. Xarici siyasət idarəmizin rəhbərliyi görüşdə bir çox məsələlər barədə fikirlərini bölüşdü, eyni zamanda çatışmazlıqları aradan qaldırmaq üçün fikir mübadiləsi, onların həlli yolları barədə söhbətlər aparıldı.”

Qeyd edək ki, diplomatlarla görüş üç hissədən ibarət təşkil olunub. Bu gün diplomatların prezident Mixail Saakaşvili ilə görüşü planlaşdırılıb. Prezidentlə görüşündən sonra isə Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiyası müzakirə olunacaq. Müzakirələrdə Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya üzrə dövlət naziri Tornike Qorqadze, Gürcüstanın Avropa Birliyindəki daimi nümayəndəsi Salome Samadaşvili, Gürcüstanın NATO-dakı daimi nümayəndəsi Qeqa Mqaloblişvili, Polşanın xarici işlər naziri Radoslav Sikorski, İsveçin xarici işlər naziri Karl Bildt və digər xarici ölkə siyasət idarələrinin rəhbərlərinin çıxışı gözlənilir. Diskussiyalarda baş nazir Vano Merabişvili, müdafiə naziri Dmitri Şaşkin, parlamentin Maarif, elm və mədəniyyət komitəsinin sədri Georgi Qabaşvilinin iştirakı da gözlənilir.

Sabah Gürcüstanın xaricdəki diplomatlarının NATO baş katibi Anders Foq Rassmusenlə görüşü, baş katibin diplomatlar qarşısında çıxışı olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR