Bakı məktəblərində I sinif şagirdlərinin sayı gözlənilməz səviyyədə artıb

Bakı məktəblərində I sinif şagirdlərinin sayı gözlənilməz səviyyədə artıb
# 19 sentyabr 2012 16:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu il Bakı məktəblərində I sinif şagirdlərinin sayında yüksək artım qeydə alınıb. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, son 6 ildə ilk dəfə olaraq paytaxtın I sinif şagirdlərinin sayı 3500 nəfərədək artıb: “Ötən il I sinfə gedən şagirdlərin sayı 32800 nəfər olub. Bu il təxminən 33500 şagird gözləyirdik. Lakin ilkin məlumatlara görə, I sinif şagirdlərinin sayı 36 minə çatıb. Hazırda bütün orta məktəblərdə I sinif şagirdlərinin sayı dəqiqləşdirilir. Ayın sonuna qədər məktəblər I sinif şagirdlərinin sayı ilə bağlı rəqəmləri BŞTİ-yə təqdim edəcəklər. Bu sayın daha da artması gözlənilir”.

Z. Əliqızı deyib ki, I sinif şagirdlərinin qəfil artımı paytaxtın orta məktəblərində dərslik qıtlığı yaradıb: “Bununla bağlı əksər məktəblərdən bizə müraciətlər olur. BŞTİ yaranmış dərslik qıtlığını həll etmək üçün əlavə dərsliklər sifariş verəcək”.

Sektor müdirinin sözlərinə görə, 2000-ci ildən bəri Bakı şəhərinin orta məktəblərində I sinfə gedən şagirdlərin sayında azalma müşahidə olunub: “I sinif şagirdlərinin sayında artım 2005-ci ildən müşahidə olunmağa başlayıb. Lakin bu artım il ərzində 500-600 nəfərdən o yana keçmirdi. Belə böyük artım isə ilk dəfədir müşahidə edilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR