Azərbaycanın Göyçay rayonunda güclü leysan ciddi fəsadlar törədib, bir neçə kənddə evləri su basıb, altı körpü dağılıb

Azərbaycanın Göyçay rayonunda güclü leysan ciddi fəsadlar törədib, bir neçə kənddə evləri su basıb, altı körpü dağılıb
# 10 iyul 2012 07:09 (UTC +04:00)
APA-nın məlumatına görə, güclü yağışlar səbəbindən yaranan sel suları Qaraməryəm və ətraf kəndlərdə yaşayış evlərini basıb.

Göyçay rayon İcra Hakimiyyəti başçısının Qaraməryəm kəndi üzrə icra nümayəndəsi Seymur Qasımov APA-nın yerli bürosuna bildirib ki, güclü yağışlar nəticəsində Qarayazı suvarma kanalı dağılıb. Nəticədə həyətyanı və əkin sahələrini, evləri, tövlələri su basıb. 100-dən artıq yaşayış evinə sel suları dolub. Xeyli sayda toyuq-cücə tələf olub, Yekəxana, Qarayazı, Qaraməryəm və Şahsoltanlı kəndlərində böyük suvarma arxlarının üzərindən keçən 6 avtomobil körpüsü dağılaraq yararsız hala düşüb.

Adıçəkilən kəndləri içməli su ilə təmin edən İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən su anbarına sel suları ziyan vurub. Nəticədə həmin kəndlərin içməli su ilə təminatında problemlər yaranıb. Güclü sel elektrik dirəklərini də aşırıb. Bu səbəbdən həmin kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

Bundan başqa, güclü sel səbəbindən gecə saat 01.30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qaraməryəm kəndi ərazisindən keçən hissəsində yol 3 saat bağlı qalıb. Həmin yolun üzərində yerləşən körpü isə qəzalı vəziyyətə düşüb.

Hazırda Göyçay Rayon Fövqəladə Hallar Komissiyası əhaliyə dəyən ziyanı hesablayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR