«Finca-Azerbaijan»da qrup kreditləri alan müştərilərin payı azalır

«Finca-Azerbaijan»da qrup kreditləri alan müştərilərin payı azalır
# 20 sentyabr 2012 12:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Finca-Azerbaijan» bank olmayan kredit təşkilatının aktivlərinin həcmi 2012-ci il sentyabrın 1-nə 154,291 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 33% çoxdur.

«Finca-Azerbaijan»dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrünün sonuna təşkilatın kredit portfelinin həcmi 32% artaraq 136,203 mln. manata, o cümlədən qrup kreditlərinin həcmi 22% artaraq 73,980 mln. manata, fərdi kreditlərin həcmi 48% artaraq 62,223 mln. manata çatıb. Bununla yanaşı, qrup kreditlərinin məcmu kredit portfelində xüsusi çəkisi təxminən 5 faiz bəndi azalaraq 54,3%-ə enib, fərdi kreditlərin xüsusi çəkisi isə 4,8 faiz bəndi artaraq 45,7% olub.

Təhlil aparılan dövr ərzində təşkilatın məcmu kapitalı 29% artaraq 29,9 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 5 min manat təşkil edib.

Qeyd edək ki, «Finca-Azerbaijan»ın yanvar-avqust aylarında ümumi gəlirləri 35,232 mln. manat olub, bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən 28% çoxdur. Qeyd olunan dövrdə xərclər 26% artaraq 24,233 mln. manat təşkil edib. Nəticədə, təşkilatın mənfəəti 32% artaraq 10,998 mln. manat olub.

Hesabat dövründə cəmi müştərilərin sayı 13% artaraq 130 131 nəfərə, o cümlədən qrup kreditləri üzrə müştərilər 7,1% artaraq 90 771 nəfər, fərdi kreditlər üzrə müştərilərin sayı isə 30% artaraq 39 188 nəfərə çatıb.

Xatırladaq ki, «Finca Mikro-Finance Holding»in («Finca İnternational», ABŞ) törəmə şirkəti olan «Finca-Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə 29 filial və 34 ofisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR