«The Guardian»: «Fevralda Gürcüstan, Hindistan və Tailandda İsrail diplomatlarına qarşı həyata keçirilmiş teraktların İran tərəfindən təşkil edildiyinə dair faktlar var»

«The Guardian»: «Fevralda Gürcüstan, Hindistan və Tailandda İsrail diplomatlarına qarşı həyata keçirilmiş teraktların İran tərəfindən təşkil edildiyinə dair faktlar var»
# 19 iyun 2012 02:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Bu ilin fevral ayında Gürcüstan, Hindistan və Tailandda İsrail diplomatlarına qarşı həyata keçirilmiş terror aktlarının İran tərəfindən təşkil edildiyinə dair faktlar əldə olunub. APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti yazıb. Xəbərdə bildirilir ki, üç terror aktı arasında da paralellik var və hücumlar iranlı bir şəbəkə tərəfindən təşkil edilib: “Tehranda nüvə alimi qətlə yetirildikdən bir neçə ay sonra beş nəfərdən ibarət iranlı qrup 2011-ci ilin aprelində Tailandın paytaxtı Banqkoka və Hindistanın paytaxtı Yeni Dehliyə hərəkət edib. Həmin şəxslər bir-biriləri ilə əlaqədə olublar, yerli sakinlərdən tutduqları köməkçilər vasitəsilə pul transferlərini reallaşdırıblar və hədəfləri ilə bağlı kəşfiyyat xarakterli məlumatlar toplayıblar. Fevralın 13-də Yeni Dehlidə həyata keçirilən və İsrailin bu ölkədəki səfirliyinin hərbi attaşesinin həyat yoldaşı ilə birlikdə yaralandığı terror aktına qatıldığı iddia edilən Huşəng Aşar İrani hadisədən dərhal sonra Malayziya üzərindən Dubay yoluyla Tehrana dönüb. Bu şəxs 2011-ci ilin aprelində də Yeni Dehliyə gedib və 2012-ci yanvarın 29-da İrana geri qayıdıb. Onun son səfəri terror aktının həyata keçirildiyi gün reallaşıb”. Qəzet yazır ki, Banqkokdakı terror aktından əvvəl də beş iranlı Tailanda gedib: “Terror aktına qatıldığı düşünülən 31 yaşlı Leyla Ruhani ikinci dəfə olduğu Tailandda bir ev kirayə götürüb və terror aktı həyata keçirilənədək bu ölkədə qalıb. O, terror aktından qısa müddət sonra əvvəl Kuala-Lumpura, ardından da Tehrana hərəkət edib. Rəsmilər hər iki terror aktında istifadə edilən partlayıcı qurğuların bənzər olduğunu deyir. Bundan əlavə, Malayziya polisi terror aktından dərhal sonra İrana qayıtmaq ərəfəsində olan 31 yaşlı Məsud Sədaqətzadəni həbs edib. Terror aktlarını idarə etdiyi düşünülən bu şəxsin Malayziyada sorğu-sualı davam etdirilir və onun Tailanda qaytarılması gözlənilir”.

“The Guardian” yazır ki, Hindistan rəsmiləri birbaşa İranı günahlandırmaqdan çəkinir: “Artıq terror aktını təşkil edənin İranmı olması deyil, əmrin kim tərəfindən verilməsi önəmlidir. Bəzi kəşfiyyatçılar terror aktlarının “Hizbullah”ın əhəmiyyətli liderlərindən olan İmad Muğaniyənin qətlə yetirilməsinin dördüncü ildönümündə təşkil edildiyini xatırladır. Onlar hesab edir ki, İranın müttəfiqi olan Livan təşkilatı bu böyüklükdə ərazidə terror aktları təşkil edə biləcək gücə sahibdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR