Şeyxülislam: “Bəziləri azərbaycanlı olsalar da, ruhu Azərbaycana uyğun deyil”

Şeyxülislam: “Bəziləri azərbaycanlı olsalar da, ruhu Azərbaycana uyğun deyil”
# 01 oktyabr 2012 14:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Çox sevindirici haldır ki, bu gün Azərbaycanda məzhəbi məsələlərdə qarşıdurma problemi yoxdur. Təəssüf ki, bunu istəyən bəzi qüvvələr var. Bunu istər şimalda, istərsə də cənubda həyata keçirmək istəyənlər az deyil. Azərbaycanı istəməyən qüvvələr bəzən öz təsir vasitələrini din amili ilə həyata keçirməyə cəhd edirlər”. APA-nın məlumatına görə, bunu Oğuz şəhərində keçirilən “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninqdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə deyib.

O bildirib ki, SSRİ zamanında dindarlar dövlət tərəfindən sıxışdırılır, əqidə və ibadətlərdə qoyulan çığırdan başqa istiqamətə keçməyə imkan verilmirdi: “Müstəqillik əldə edildikdən sonra dindarlar azadlıq əldə etdi. Əlbəttə, bu azadlıqdan ənənəvi dindarlarla yanaşı, bəzi şər qüvvələr də istifadə etməyə başladı. Onlar din adından istifadə etdilər və dini təbliğat apardılar. Hətta bizim ənənələrimizə qarşı çıxdılar. Burada açıq danışmaq lazımdır. Adını vəhhabi, radikal şiə qoyub fəaliyyət göstərdilər. Halbuki bizə bu fikirlər yad olub”.

QMİ sədri ölkədə fəaliyyət göstərən məscidlərlə də bağlı danışıb: “Bu gün dövlət və bir sıra dindarlar tərəfindən məscidlər tikilib. Ancaq bəziləri məscidləri məqsədli inşa etdilər. Hardansa pul alıb burada öz məzhəbinə uyğun və təbliğat aparmaq üçün məscidlər tikdilər. Boşluq olan dövrdə qanunsuz məscidlər tikildi. Bu gün də biz onun əziyyətini çəkirik. Çoxlu məscidlər qeydiyyatdan keçdi. Amma biz o yerlərdə nə işlərin görüldüyünü bilmədik. Ona görə də çoxlu çətinliklərimiz oldu. Bu gün də belə çətinliklərimiz var”.

Şeyxülislam qeyd edib ki, bəziləri azərbaycanlı olsalar da, ruhu Azərbaycana uyğun deyil: “Onlar başqa dövlətin ruhunda İslam dinini təbliğ etmək istəyirlər. Əlbəttə, bütün bunlar bizim ruhumuza yaddır. Sizin köməkliyinizlə biz onların inkişaf etməsinə imkan verməyəcəyik. Biz həmişə yaxşılıq etməyə öyrəşmişik. Bizim bir yerdə olmağımız vacib məsələdir”.

QMİ sədri xaricdə dini təhsil alan Azərbaycan vətəndaşları ilə də bağlı danışıb: “Onlar da bizim övladlarımızdır. Onların arasında vətənə xidmət edənləri də var, başqa ölkələrin maraqları dairəsində dini təbliğat aparanlar da. SSRİ zamanında Azərbaycanda 18 məscid, 1 ziyarətgah fəaliyyət göstərirdisə, son 20 ildə onların sayı 1700-ü aşıb. Onların 70-80-i xaricdən maliyyə dəstəyi ilə inşa edilibsə, qalanları daxili vəsait sayəsində tikilib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR