Elmin İnkişafı Fondu Gənc alim və mütəxəssislərin I müsabiqəsinin nəticələrini elan edib

Elmin İnkişafı Fondu Gənc alim və mütəxəssislərin I müsabiqəsinin nəticələrini elan edib
# 23 mart 2012 10:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2011-ci il üçün Gənc alim və mütəxəssislərin 1-ci müsabiqəsinin nəticələrini elan edib.

Fondun icraçı direksiyasından APA-ya verilən məlumata görə, gənc alim və mütəxəssislərin 1-ci müsabiqəsinin keçirilməsi haqqında qərar 2011-ci il noyabrın 10-da elan edilib və noyabrın 11-dən dekabrın 20-dək qrant layihələri qəbul olunub. Bu müddət ərzində müsabiqəyə 74 layihə daxil olub və Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib. Ötən il dekabrın 21-dən 30-dək layihələrin texniki ekspertizası işi təşkil olunub. Müsabiqə qaydaları və tələblərinə cavab verməyən 6 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 68 layihə isə elmi ekspertizaya buraxılıb. Ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunub.

Gənc alim və mütəxəssislərin 1-ci müsabiqəsi çərçivəsində 26 qalib layihə müəyyənləşdirilib. Müsabiqə üzrə qalib layihələrin ümumi maliyyələşdirilmə həcmi 500 000 manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR