İsmayıllı rayonunda mal-qara arasında yoluxucu xəstəlik yayılıb

İsmayıllı rayonunda mal-qara arasında yoluxucu xəstəlik yayılıb
# 25 iyun 2012 07:36 (UTC +04:00)
İsmayıllı. Elvin Yaqubov - APA. Azərbaycanın İsmayıllı rayonunun Mollaisaqlı kəndində iri buynuzlu heyvanlar arasında yoluxucu xəstəlik yayılıb. Kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, ev heyvanları dabaq xəstəliyinə tutulub. Məlumata görə, heyvanların ağız və ayaqlarında yara əmələ gəlib, ağızlarından selik axır, yem yeyə, su içə bilmirlər.

İsmayıllı rayon Baytarlıq İdarəsinin briqadası 3 gündür ki, kəndə ezam olunub, müvafiq tədbirlər görülür, tövlələr dezinfeksiya edilir. Xəstəliyə tutulan inəklər xüsusi nəzarətə götürülüb və onlar tövlədə saxlanılır, sağlam heyvanlarla birgə örüşə buraxılmır. Baytarlıq idarəsinin müdiri Barat Şıxəliyev APA-ya kənddə yayılan xəstəliyin dabaq deyil, stomatit olduğunu bildirib: “Əhali narahat olmasın, tezliklə heyvanları müalicə ediləcək. Heyvanların ölmək ehtimalı yoxdur. Son vaxtlar havanın isti keçməsi və örüş yerlərinin quraqlığı səbəbindən heyvanların qidalanması zəifləyib və ona görə də bu cür hallar baş verir. Bizim baytar həkimlər ildə iki dəfə bütün kəndlərdə dabaq xəstəliyinə qarşı vaksinasiya işləri aparırlar. Bu yayılan xəstəlik dabağa oxşamır, stomatit xəstəliyidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR