Dünyanın aparıcı “Christie’s” hərrac evi XVIII əsrə aid Qarabağ xalçasını Bakıda nümayiş etdirəcək - FOTOSESSİYA

Dünyanın aparıcı “Christie’s” hərrac evi XVIII əsrə aid Qarabağ xalçasını Bakıda nümayiş etdirəcək - <font color=red>FOTOSESSİYA</font>
# 14 sentyabr 2012 10:06 (UTC +04:00)
APA-nın məlumatına görə, rəssamın öz həyat yoldaşı və itini təsvir etdiyi əsər “Qadın” adlanır. Pablo Pikasso bu əsəri 1962-ci ildə yaradıb. Əsərin qiyməti 5-7 milyon dollar arasında qiymətləndirilir. Bu əsərlə yanaşı, bir çox rəsm əsərləri də dünyanın aparıcı “Christie’s” hərrac evinin sentyabrın 15-16-da Bakıda keçirəcəyi sərgidə nümayişə çıxarılacaq.

Sərgi ilə bağlı keçirilən mətbuat konfransında bu əsərlər yerli KİV nümayəndələrinə təqdim edilib. Dünyanın bir çox ölkələrindən məşhur muzey mütəxəssislərinin dəvət olunduğu iki günlük sərgidə “Christie’s”ın kolleksiyasına daxil olan, XVIII əsrə aid Qarabağ xalçası da nümayişə çıxarılacaq. Qarabağ xalçasının qiyməti 61 min dollar civarındadır.

Mətbuat konfransında çıxış edən “Christie’s”ın əməkdaşı Andres Rumbler sərgidə nümayiş olunan əsərlərlə bağlı məlumat verib. Onun sözlərinə görə, sərgidə “Christie’s”in London, Nyu-York və Dubayda keçirdiyi payız satışlarında iştirak üçün seçilən müxtəlif sənət əşyaları və eksponatlar nümayiş olunacaq. Həmin əsərlərə impressionist, II Dünya müharibəsindən sonrakı və müasir rəssamlıq əsərləri, şərq xalçaları, eləcə də müasir BƏƏ, İran və Türkiyə sənət nümunələri daxildir. O bildirib ki, bu iki günlük sərgini muzey də adlandırmaq olar.

“Yarat!” Müasir İncəsənət Məkanının icraçı direktoru Fərid Abdullayev sərginin əhəmiyyətindən danışıb və əsərlərin auksionunun keçirilməyəcəyini diqqətə çatdırıb: “Əsas məqsəd dünya şöhrətli və 200 ildən artıq təcrübəsi olan bu hərrac evi ilə əməkdaşlıq və bu sahədə miqyasın genişlənməsidir. Tədbirə dünyanın bir neçə ölkəsindən mütəxəssisləri dəvət etmişik və onları Azərbaycan incəsənəti ilə, rəssamlarımızla yaxından tanış edəcəyik. Bu da gələcəkdə incəsənət sahəsinin inkişafına müsbət təsirini göstərəcək”.

Bakı sərgisindən sonra 2013-cü ildə “Christie’s”in Londondakı sərgi salonunda müasir Azərbaycan incəsənət əsərləri nümayiş etdiriləcək. Sərgidə tanınmış rəssamların, eləcə də “Yarat!” təşkilatının aşkara çıxardığı incəsənət əsərləri nümayiş olunacaq. Bu, Azərbaycan rəssamlarının dünya miqyasına çıxması, digər rəssamlarla dialoq yaratmasına köməklik göstərmək məqsədilə Aida Mahmudovanın davam etdirdiyi işlərin bir hissəsidir.

Dünyanın aparıcı incəsənət-biznes təşkilatı olan “Christie’s” qeyri-adi incəsənət, misilsiz xidmət və təcrübənin canlandığı ad və yerdir. 1766-cı ildə James Christie tərəfindən əsası qoyulmuş “Christie’s” 18-ci əsrdən bəri ən böyük hərracları keçirib və hazırda 32 ölkədə 53 ofisi və illik 450 satışın keçirildiyi 10 satış salonu var. 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmiş “Yarat!” təşkilatı müasir Azərbaycan incəsənətinin ölkə və dünya səviyyəsində təmsil etmək məqsədi daşıyan qeyri-kommersiya təşkilatıdır. Təşkilatın əsas məqsədi həm Azərbaycanda, həm də xaricdə qeyri-kommersiya xarakterli incəsənət fondları ilə dialoq və mübadilə aparmaqdır.

İki günlük sərginin açılış mərasimi sentyabrın 15-də baş tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR