“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun İnkişaf Planı hazırlanır

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun İnkişaf Planı hazırlanır
# 27 fevral 2012 07:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun İnkişaf Planı hazırlanır. Bu barədə APA-ya Qoruq İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, ölkə prezidentinin sərəncamı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu bu il yanvarın 1-dən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyinə verilib: “Bu sərəncam bizim üçün böyük etimad və məsuliyyətdir. “Qala” qoruğu ərazisinin zəngin və əhəmiyyətli tarixi var. Orda bizim maddi mədəniyyətimizə aid olan bir sıra abidələr, özünə məxsus yaşayış tərzi qorunub saxlanılıb. Son illər ərzində Qala qoruğu ərazisində Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən bir çox əhəmiyyətli addımlar həyata keçirilib. Burada etnoqrafik muzey kompleksi yaradılıb, Qalada mövcud olan tarixi qalanın bərpası həyata keçirilib. Burada qoruq və muzey infrastrukturu yaradılıb. Bunun nəticəsində Qala qoruğu Azərbaycan ərazisində müxtəlif təbəqələr tərəfindən ən fəal səfər edilən qoruğa çevrilib. Qala qoruğunun fəaliyyəti üçün çox yüksək standart mövcuddur. Bizim əsas məqsədimiz Qala qoruğunda mövcud standartı qoruyub saxlamaq, digər tərəfdən yeni təbəqə insanların maraq nöqtəsinə çevirmək üçün layihələrin hazırlanmasını, həyata keçirilməsini, Qala qoruğunun idarəetmə sisteminin təkmilləşdirilməsini, Qala ərazində yaşayan insanların təmsil etdiyi yaşayış tərzinin qorunub saxlanılmasını, buradakı insanlar üçün imkanların yaradılmasını, Qalada yüksək səviyyədə turist infrastrukturunun inkişafını təmin etmək və buranın regional səviyyədə turizm mərkəzinə çevirməkdən ibarətdir. Bunu etməklə Azərbaycanın qədim irsinin təbliğində çox böyük addım atmış olacağıq”.

M. Cabbarov deyib ki, İnkişaf Planında Qala qoruğunun həm mövcud fəaliyyət istiqamətləri, həm yeni fəaliyyət istiqamətləri öz əksini tapacaq: “Planda həmin ərazidə ənənəvi sənətkarlıq növlərinin inkişafı əks olunacaq. Dünyada gedən proseslər bu sahəyə öz mənfi təsirini göstərir. Xalçaçılıq, dulusçuluq, misçilk kimi bir sıra ənənəvi sənətkarlıq növləri böyük təzyiq altındadır. Çin faktoru da ənənəvi sənət növlərinin rəqabətliliyinə mənfi təsir göstərir. Bu proseslər tək Azərbaycanla məhdudlaşmır. Ona görə də biz qədim sənətlərin yaşatmaq üsullarını təqdim etmək niyyətindəyik. Bu sahədə maraqlı araşdırmalara artıq başlanılıb. Bununla bağlı bu il maraqlı layihələr təqdim olunacaq. Qala ilə İçərişəhərin bağlantısını yaratmağı düşünürük. Bu, çox yaxşı əməkdaşlıq imkanları açacaq. Qalanın ərazisində ənənəvi sənətkarlıq növlərinin yaradılması, İçərişəhər ərazisində isə onların geniş təbliği, təmsil olunması və satışı təşkil edilə bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR