«Access Bank»ın aktivləri son bir ildə 30% artıb

«Access Bank»ın aktivləri son bir ildə 30% artıb
# 29 oktyabr 2012 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC-nin aktivlərinin həcmi 2012-ci il oktyabrın 1-nə 466,004 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstəricidən 30% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 21% artaraq 132,811 mln. manat, kredit portfeli 29% artaraq 367,059 mln. manat olub.

Təhlil aparılan dövr ərzində bankın məcmu kapitalı 16% artaraq 100,572 mln. manata, o cümlədən nizamnamə kapitalı 25% artaraq 85 mln. manata çatıb.

Qeyd edək ki, bu müddət ərzində bankın məcmu gəlirləri 13,4% artaraq 73,906 mln. manat, xərcləri isə 15% artaraq 58,550 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 9,4% artaraq 15,356 mln. manata çatıb.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 34 filialı, 36 bankomatı və 70 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR